Martın 28-də "ASK Arena"nın konfrans zalında Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə antidopinq seminarı keçirilib.
Azərbaycan Agirliqqadirma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, AMADA-nın təhsil proqramları üzrə meneceri Qüdrət Səfərovun apardığı seminarda bütün yaş qrupları üzrə yığma komandaların ağırlıqqaldıranları və məşqçi heyəti iştirak edib.
İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan olunmuş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.
Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda idmançılar anonim antidopinq sorğusunda iştirak ediblər.
Ağırlıqqaldıranlar üçün seminar keçirildi