Ölkəmizdə boks üzrə beynəlxalq turnirə start verilib

Ölkəmizdə boks üzrə beynəlxalq turnirə start verilib


Dünən Azərbaycan Texniki Universitetinin idman zalında tanınmış boksçu Abbas Ağalarovun xatirəsinə həsr olunmuş boks üzrə gənclər arasında beynəlxalq turnir başlayıb. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Hindistan, Ukrayna, Özbəkistandanda 100-dək dəri əlcək ustası bacarığını nümayiş etdirir. 10 çəki dərəcəsi üzrə keçirilən yarışları 20 yerli və əcnəbi hakim idarə edir. Turnirdə ölkəmiz 3 komanda ilə təmsil olunur.
Dekabrın 5-də keçirilən yarışın açılış mərasimində çıxış edən Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı.
Ağacan müəllim vaxtilə tanınmış boksçu olmuş Abbas Ağalarovun Azərbaycan boksunun inkişafında böyük xidmətləri olduğunu bildirdi və bu yarışın ilk dəfə respublikamızda 1972-ci ildə keçirildiyini xatırlatdı.
Boksun ölkəmizdə populyar və sevilən idman növü olduğunu deyən federasiyanın vitse-prezidenti gənclər arasında bu cür beynəlxalq turnirlərin təşkilinin Azərbaycan boksunun inkişafına təkan verdiyini, eləcə də gənclərin təcrübə əldə etmələri baxımından böyük əhəmiyyətə malik olduğunu bildirdi. Federasiyanın vitse-prezidentinin sözlərinə görə, məhz bu cür yarışlarda qüvvələrini sınayan boksçular sonradan Avropa və dünya çempionatlarında yüksək nailiyyətlər qazanırlar. Ağacan müəllim Abbas Ağalarovun xatirəsinə keçirilən yarışın gələn il Pekində təşkil ediləcək yeniyetmələrin II Olimpiya Oyunlarına boksçuların seçimi baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında iştirak edən üç boksçumuzdan ikisinin gümüş medal qazandığını xatırladan federasiyanın vitse-prezidenti növbəti olimpiadada da dəri əlcək ustalarımızın ümidləri doğruldacağına inandığını dedi. O, aprel ayında Bolqarıstanda gənclər arasında keçiriləcək dünya çempionatının, gələn il Çində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağını bildirdi.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarışlara start verildi. Turnirin final qarşılaşmaları dekabrın 8-də keçiriləcək.