Bakıda keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan yığmalarının heyəti açıqlanıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmiz yarışda 14 güləşçi ilə təmsil olunacaq.
Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ilk yarış günündə Paris Olimpiadasına lisenziya qazanmağa çalışacaq.
Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.
Son yarış günündə isə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.
Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə finala çıxan güləşçilər Paris-2024-ə vəsiqə qazanacaqlar.
Yarış aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.
Avropa Olimpiya Təsnifat turnirində iştirak edəcək güləşçilərimiz müəyyənləşdi