Dekabrın 4-dən 8-dək Azərbaycan Texniki Universitetinin idman zalında tanınmış boksçu Abbas Ağalarovun xatirəsinə həsr olunmuş boks üzrə gənclər arasında beynəlxalq turnir keçirildi. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Hindistan, Ukrayna, Özbəkistandan 100-dək dəri əlcək ustası bacarığını nümayiş etdirdi. 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda ədaləti 20 yerli və əcnəbi hakim qoruyurdu. Turnirdə ölkəmiz 3 komanda ilə təmsil olundu.
Dekabrın 8-də yarışların final mərhələsi keçirildi.
Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşdi. Yekun nəticəyə görə, Azərbaycan komandası 3 qızıl, 5 gümüş, 9 bürünc medalla ümumi hesabda birinci oldu. Özbəkistan komandası 3 qızıl, 1 gümüş, 3 bürünc medalla ikinci pillədə qərarlaşdı.
52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda komanda yoldaşı Elnur Şəfizadə üzərində qələbə qazandı. Orxan Əliyev (81 kq) həlledici görüşdə Hindistan boksçusu Rohiti məğlub etdi. 91+kq çəki dərəcəsində də finalda iki həmyerlimiz - Məhəmmədəli Tahirov və Firdovsi Tağıyev üz-üzə gəldi. Tahirov yarışın qalibi oldu.
Digər çəki dərəcələrində Elcan Qafarlı (49 kq), İman Əhmədli (64 kq), Samiq Səmədzadə (91 kq) gümüş mükafata yiyələndilər.
Elşan Abbasov (49 kq), Xəyyam Məmmədov (56 kq), Şamil İbrahimzadə (60 kq), Cavid Quliyev (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Elkin İmanov (81 kq), İbrahim Quliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) isə bürünc medalla kifayətləndilər.
Üçüncü yeri 2 qızıl, 2 bürünc medalla Ukrayna komandası tutdu. Yarışın ən yaxşı boksçusu adına Özbəkistan təmsilçisi Mahmud Qayıpov layiq görüldü.
Yarışlar başa çatdıqdan sonra yerli və xarici mütəxəsisslərin turnirlə bağlı fikirlərini öyrəndik:
Ağacan Abiyev, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti:
- Vaxtilə tanınmış boksçu olmuş Abbas Ağalarovun Azərbaycan boksunun inkişafında böyük xidmətləri olub. Yaxşı yadımdadır, 1972-ci ildə Ağalarovun xatirə turniri məhz bu zalda keçirilmişdi. Həmin vaxt yarışda sovet ölkələrinin idmançıları çıxış edirdilər. Mən o vaxt Rusiyada yaşayırdım və yarışda hakim kimi iştirak edir. Bu cür beynəlxalq turnirlərin təşkili Azərbaycan boksunun inkişafına təkan verməklə yanaşı, gənclərin təcrübə əldə etmələri baxımından böyük əhəmiyyətə malikdir. Məhz bu cür yarışlarda qüvvələrini sınayan boksçular sonradan Avropa və dünya çempionatlarında yüksək nailiyyətlər qazanırlar. Bildiyiniz kimi, 2014-cü ildə Çində Yeniyetmələrin II Olimpiya Oyunları keçiriləcək. Aprel ayında Bolqarıstanda gənclər arasında təşkil ediləcək dünya çempionatı Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Abbas Ağalarovun xatirəsinə keçirilən yarış dünya çempionatına boksçuların seçimi baxımından mühüm əhəmiyyət daşıyır. Beynəlxalq turnirdə 16-17 yaşlı boksçular qüvvələrini sınadılar. Yeniyetmələrin Olimpiya Oyunlarında da məhz bu yaş qrupu üzrə idmançılar qüvvələrini sınayacaqlar. Bu yarışdan sonra idmançılarımız dünya çempionatına hazırlığa başlayacaqlar. Yanvar ayının əvvəlində Azərbaycan çempionatı keçiriləcək. Yığma komanda formalaşdıqdan sonra boksçularımız dünya çempionatına hazırlıq məqsədilə təlim-məşqlərdə iştirak edəcəklər. Xatırladım ki, 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında iştirak edən üç boksçumuzdan ikisi gümüş medal qazanmışdı. İnanırıq ki, gənc boksçularımız dünya çempionatında uğurla çıxış edərək onlara bəslənilən ümidləri doğruldacaqlar.
Qeyd edim ki, beynəlxalq turnir yeni hakimlik qaydaları ilə keçirildi. Yeni qaydalar peşəkar boksun qaydalarına bir qədər yaxınlaşdırılıb. Bu yarışda ədalət təmsilçiləri öz işlərinin öhdəsindən layiqincə gəldilər. Turnirdə boksçularımızın əsas rəqibləri Hindistan və Özbəkistan boksçuları idilər. Bu komandaların idmançıları yüksək hazırlığa malikdirlər. Dünya çempionatında da idmançılarımızın əsas rəqibləri bu ölkələrin təmsilçiləri olacaqlar. Rusiya və Ukrayna boksçuları da yüksək səviyyəli çıxışları ilə diqqəti çəkdi.
Qeyd edim ki, ümumilikdə 2013-cü ildə gənclərdən ibarət yığma komandamız uğurlu çıxışı ilə yadda qalıb. Hollandiyada keçirilən Avropa çempionatında yığma komandamız 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanaraq ümumi hesabda üçüncü olub. İnanıram ki, 2014-cü ildə də dəri əlcək ustalarımız öz üzərlərində daha ciddi çalışaraq yüksək nailiyyətlər əldə edəcəklər.
Şamil Əlimzanov, boks üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi:
- Bu yarışda üç heyətlə təmsil olunduq. 8 idmançımız finala yüksəldi və onlardan üçü qızıl medal qazandı. Komandanın bütün üzvləri hələ tam hazır formada deyil. Apreldə dünya çempionatı keçiriləcək. Əsas hazırlıq dünya çempionatına yönələcək. O vaxtadək idmançılarımız tam hazır formada olacaqlar. İdmançıların əsas zəifliyi fiziki hazırlıqla bağlıdır. Onlar döyüş zamanı rəqibə daha çox zərbə vurmağa çalışmalıdırlar. Onu da deyim ki, burada çıxış edən boksçuların əksəriyyəti yeniyetmələrdən gənclərə yeni keçiblər. Yeniyetmələr arasında boks yarışları hər raund iki dəqiqə olmaqla keçirilir. Buna görə də, birdən-birə 3 dəqiqə döyüşməkdə bir qədər çətinlik çəkirlər. Yanvarın 7-dən 13-dək boks üzrə gənclər arasında Azərbaycan çempionatı keçiriləcək. Sonra komandamız Rusiyanın Anapa şəhərində təlim-məşqlərdə iştirak edəcək, daha sonra orada beynəlxalq turnirə qatılacaq. Dünya çempionatı ərəfəsində regionlarda təlim-məşq toplanışları da keçəcəyik. Qeyd edim ki, dünya çempionatında ilk üç yeri tutan idmançılar Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Marat Kurbanov, Özbəkistan komandasının baş məşqçisi:
- Bakıda keçirilən beynəlxalq turnirə 9 boksçu, 2 məşqçi, 1 hakimlə gəlmişik. Boksçularımız turnirdə yüksək səviyyədə çıxış edərək ikinci oldular. Burada bizi yüksək qonaqpərvərliklə qarşıladılar. Azərbaycanlılar qonaqpərvər və mehribandırlar. Özbəkistan Boks Federasiyası adından yarışın təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Azərbaycan boksçuları yüksək səviyyədə çıxış etdilər. Komandamızı qarşıda Tailandda keçiriləcək Asiya çempionatı və dünya çempionatı gözləyir. Hazırda yığma üzvlərinin bir qrupu Qazaxıstanda keçirilən beynəlxalq turnirdə qüvvələrini sınayırlar. Bu yarış bizim üçün təcrübə məqsədi daşıyır. Dünya çempionatı ərəfəsində idmançılarımızı sınaqdan keçirdik. Vətənə döndükdən sonra boksçularımızın zəif cəhətləri üzərində işləyəcəyik. Azərbaycanla yanaşı, Ukrayna, Gürcüstan komandaları burada yaxşı çıxış etdilər. Yarış iştirakçılarının sayı çox olmasa da, turnirdə rəqabət çox güclü idi. Qeyd edim ki, Özbəkistanda boksa yüksək səviyyəli dövlət qayğısı var. Regionlarımızda çoxlu idman zalları, qurğular və komplekslər inşa olunub. Bu, ölkəmizdə idmanın inkişafı ilə yanaşı, gənclərin sağlam həyat tərzi sürmələrinə xidmət edir.
Aprelin 6-dan 20-dək Bolqarıstanda dünya çempionatı keçiriləcək. Bu yarışadək komandamızın üzvləri Anapada beynəlxalq turnirdə qüvvəsini sınayacaqlar. Dünya çempionatı Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından yarışda rəqabət güclü olacaq. Dünya çempionatına 120-dən çox ölkənin qatılacağı gözlənilir. Xatırladım ki, Sinqapur Olimpiadasına lisenziya verən dünya çempionatında boksçularımız 1 gümüş, 2 bürünc medal əldə etmişdilər. Yeniyetmələrin I Olimpiya Oyunlarında da dəri əlcək ustalarımız eyni nəticəni göstərərək 1 gümüş, 2 bürünc medal qazandılar.
David Kavtaradze, Gürcüstanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim:
- Beynəlxalq turnirdə Gürcüstan 8 boksçu ilə təmsil olundu. Yarışda çıxış edən idmançıların əksəriyyəti komandanın ikinci, üçüncü nömrəli idmançıları idi. Məqsəd boksçularımızı mötəbər yarışlar ərəfəsində sınaqdan keçirməkdir. Əsas heyət bir müddət əvvəl Avropa çempionatından qayıdıb. Bu yarışdan sonra dünya çempionatında iştirak edəcək heyət müəyyənləşəcək. Artıq ikinci dəfədir ki, Abbas Ağalarov turnirində hakimlik edirəm. Bir sıra yeni qaydalar tətbiq olunmasına baxmayaraq, yarışda hakimlər öz işlərinin öhdəsindən layiqincə gəldilər. Bakı bizim ikinci doğma şəhərimizdi. Burada bizə yüksək qonaqpərvərlik göstərilir.
Aysel Sultanova