Ümumilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəlxalq reqatasına yekun vurulub.
Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışın son günündə idmançılar 200, 1000, 1500 metr məsafələrdə kayak-kanoe və akademik növdə mübarizə aparıblar.
21 ölkədən 30-a yaxın komandanın iştirak etdiyi yarışın üçüncü günü komandamız üçün 5 (2 gümüş , 3 bürünc) medalla yadda qalıb.
Təmsilçilərimizdən İbrahim Məmmədzadə və Sərhad Fərhadlı (2010-2011) ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda bürünc medala sahib çıxıblar.
Akademik növdə 1500 metr məsafəyə yarışda Nurlan Paşayev ikinci, bu növdə mübarizə aparan Vacib Babayev və Qiyas Əhmədov cütlüyü isə (500 metr) 3-cü olublar. Fariz Babayev və Nurlan Paşayev cütlüyü 1500 metr məsafəyə yarışda fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Niyaz Məlikov-Emil Zeynalov cütlüyü isə kayak qayığı ilə 1000 metr məsafədə (2008-2009) gümüş medal əldə edib.
Bununla da komandamız beynəlxalq reqatanı 9 (1 qızıl, 3 gümüş, 5 bürünc) medalla başa vurub.
Yarışın əvvəlki günlərdə isə Əlimurad Hacızadə (qızıl), Nurlan Paşayev (gümüş), Vacib Babayev və Qiyas Əhmədov cütlüyü (bürünc), Amil Ramazanov (bürünc) medal əldə ediblər.
Yarışlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın rəhbəri Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Serbiya Avarçəkmə Federasiyanın İdarə Heyətinin rəhbəri Duşan Kovaçoviç təqdim ediblər.