Mayın 3-də ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən ənənəvi "Prezident Kuboku-2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
21-dək ölkədən 30-a yaxın komandanın mübarizə apardığı, tarixi torpağımız Suqovuşanda start götürən reqatanın bağlanış mərasimi Mingəçevirdə baş tutub.
İştirakçı ölkələrin salamlanması ilə başlayan mərasimdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Serbiya Avarçəkmə Federasiyasının İdarə heyətinin rəhbəri Duşan Kovaçiç və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə akademik avarçəkmə növündə yarışların qalibi olan Özbəkistan komandasına kubok təqdim olunub. Kuboku qalib komandaya Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim edib.
Ardınca kayak və kanoe növündə turnirin qalibi adını qazanan Gürcüstan komandası mükafatlandırılıb. Kuboku Gürcüstan komandasına Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov təqdim edib.
Mükafatlandırmadan sonra mərasim bədii hissə ilə davam edib. "Xəmsə" rəqs qrupunun ifasında maraqlı kompozisiyalı solo ifalar mərasim iştirakçılarının böyük marağına səbəb olub.
Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından olan Hiss də öz solo ifaları ilə bağlanış mərasiminə rəng qatıb.
Bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, komandamız beynəlxalq reqatanı 9 (1 qızıl, 3 gümüş, 5 bürünc) medalla başa vurub.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir ki, Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.