Dünya Badminton Federasiyası (BWF ) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların siyahısını açıqlayıb.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmiz ilk dəfə olimpiadada 2 badmintonçu ilə təmsil olunacaq.
2021-ci ildə Tokioda keçirilən 4 illiyin zirvə yarışında iştirak edən Edi Reski Dviçayo bu dəfə də kişi badmintonçuların şəxsi yarışında mübarizə aparacaq. O, lisenziyaya “Paris yolu” reytinqində 28-ci olmaqla sahib çıxıb.
Azərbaycan badminton tarixində ilk dəfə olaraq qadın bamdintonçuların şəxsi yarışında da təmsil olunacaq. Belə ki, qadın badmintonçumuz Keişa Fatimə Zəhra reytinqdə 31-ci olaraq ölkəmizi Paris-2024-də təmsil etmək hüququ əldə edib.
Bununla da Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı rəsmi lisenziyaların sayı 23-ə çatıb.
Olimpiadanın badminton yarışları iyulun 27-dən avqustun 5-dək Parisdə yerləşən “Porte de la Chapelle” arenasında keçiriləcək. İyulun 27-31-də qrup mərhələsi, avqustun 1-5-də isə 5 kateqoriya üzrə pley-off mərhələsinin görüşləri təşkil olunacaq.