Mayın 13-də Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb.
İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirilib. Qeyd edilib ki, bütün bunlar idmançıların mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaradıb.
Azərbaycanda digər idman növləri ilə yanaşı, ağırlıqqaldırmanın inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqət yetirildiyi vurğulanıb.
Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.