Bugünlərdə Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə ilk dəfə neft kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya Kuboku turniri start götürəcək. Yarışda Azərbaycan milli komandası eksperimental heyətlə mübarizə aparacaq. Bununla yanaşı, "Baku Fires” klubunun bəzi boksçuları da turnirdə qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi boksçularımızdan Rüstəm Musayev (49 kq), Məhəmməd Abdulhəmidov (52 kq), Tural Əhmədov (56 kq), Nəsrəddin Məmmədov, Fərid İsmayılov (hər ikisi 60 kq), Lorenzo Sotomayor Kollazo, Çingiz İslamov (64 kq), Tamerlan Abdullayev, Kamil Əhmədov (hər ikisi 69 kq), Soltan Migitinov (75 kq), Batraz Qutsiyev (81 kq), Abdulqadir Abdullayev (91 kq), Kamran Mehdiyev, Üzeypat İsmayılov (91+kq) təmsil edəcəklər.
Komandamızın heyətində ən təcrübəli boksçu kimi Avropa çempionatının iştirakçısı Tamerlan Abdullayevlə (69 kq), bir çox beynəlxalq turnirlərin mükafatçısı Tural Əhmədovu (56 kq) qeyd etmək olar. Bu yarışda kubalı boksçu Lorenzo Sotomayor Kollazo da (64 kq) yığmamızın heyətində debüt edəcək. Sotomayor hazırda "Qəbələ” klubunda çalışan Lazaro Ximenes Martinesin yetirməsidir.
London Olimpiadasının iştirakçısı Soltan Migitinov da (75 kq) Neft Ölkələrinin Dünya Kubokunda çıxış edəcək. "Baku Fires” klubunun gənc boksçularından Kamil Əhmədov (69 kq), Batraz Qutziyev (81 kq) də heyətə daxil edilib.
Qeyd edək ki, yarışda Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Çin, Monqolustan, Latviya, Ermənistan, Moldova, Qırğızıstan, Litva və Çexiya komandalarının iştirak etməsi gözlənilir. Yarışda ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edəcək.