Mais Mənsimov: “Biz baş məşqçinin transfer siyasətinə qarışmırıq”

Mais Mənsimov: “Biz baş məşqçinin transfer siyasətinə qarışmırıq”

Topaz Premyer Liqasında iştirak edən komandalar qış fasiləsinə çıxıblar. Fasilə ərəfəsində keçirilən son tur çərçivəsində "Xəzər Lənkəran” klubu doğma azarkeşlər önündə "Sumqayıt” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada azarkeşlər 7 qolun şahidi olublar. Meydan sahibləri uğurlu çıxış sayəsində rəqibini 4:3 hesabı ilə məğlub edib. Oyundan sonra "Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov komandanın rəsmi saytına müsahibə verib. Klub prezidenti Lənkəran təmsilçisinin cari mövsümdəki çıxışına, Con Toşakın istefası və Mustafa Dənizlinin komandaya gətirilməsi barədə fikirlərini bildirib və qarşıdakı planlardan danışıb. Həmin müsahibəni olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

- Mais müəllim, "Sumqayıt” klubu ilə oyun barəsində fikirlərinizi bilmək istərdik...
- Açığı komandamızın oyunundan razı qalmadım. İkincı hissədə göstərilən oyun xüsusilə məni qane etmədi. "Xəzər Lənkəran” kimi güclü kollektivin gənc və yeniyetmələrdən qurulmuş "Sumqayıt” komandası ilə oyunda qapısından 3 top buraxması problemlərin hələ də qaldığına işarədir. Biz məhz bu və digər problemlərin həlli üçün tanınmış mütəxəssis Mustafa Dənizlini komandamızın baş məşqçi vəzifəsinə gətirmişik. Baş məşqçimizin mətbuat konfransında söylədiyi fikirlərlə tanış oldum. Mustafa bəy də oyundan tam olaraq razı qalmayıb. Bununla belə qarşıda uzun bir fasilə var və "Xəzər Lənkəran” fasilədən maksimum yararlanıb əvvəlki əzəmətini geri qaytarmalıdır.

- Con Toşak istefa verdikdən sonra futbol ictimaiyyəti sizin uelsli mütəxəssisin gedişinə münasibətinizlə tanış deyil. Maraqlıdır, sizcə Con Toşak kimi mütəxəssis niyə "Xəzər Lənkəran”a uğur qazandıra bilmədi?
- Con Toşak kimi mütəxəssisin Azərbaycan futboluna gətirilməsi ölkəmizdə futbolun təbliğatı baxımından çox önəmli idi. Buyaxınlarda klubumuzun iki nümayəndəsi Londonda işgüzar səfərdə olub. Onların da söylədiyinə görə Toşakın timsalında "Xəzər Lənkəran” və Azərbaycan futbolu haqqında istənilən yerdə rahat müzakirə aparmaq olur. Amma bu işin birinci tərəfidir. Digər əsas məqam Toşakın təcrübəsindən yararlanıb "Xəzər Lənkəran”ı adət etdiyimiz yerlərə daşımaq, daha böyük uğurlar qazanmaq idi. Təəssüf ki, Con Toşakın işində buraxdığı səhvlər ona mane oldu. Onun futbolçulara yanaşma tərzi, məşqçilər korpusunu ilk gündən doğru şəkildə formalaşdıra bilməməsi, transfer zamanı yalnış siyasət yürütməsi sonda istefası ilə nəticələndi. Biz Toşaka ilk gündən rəhbərlik olaraq lazımi dəstəyi verdik. Belə olmasa idi, avroliqada göstərilən uğursuz nəticədən sonra onun istefasını qəbul edərdik. Amma o zaman istefasını qəbul etməyib Toşakla yolumuza davam etdik, ona dəstək olduq. Bundan sonra Con Toşak komandanı irəli aparmağı bacarmadı və getmək qərarını verdi.

- Mustafa Dənizli də tanınmış məşqçidir. Sizcə Toşakdan fərqli, Dənizli rəhbərliyin etimadını doğrulda biləcəkmi?
- Toşakın gedişindən sonra biz bir neçə gün məsləhətləşmələr apardıq, uğursuz nəticələri analiz edərək, buraxılan səhvləri nəzərdən keçirdik. Namizədlər arasında Mustafa Dənizli üzərində dayandıq. Çünki o mentalitet cəhətdən bizə çox yaxındır və intizamı sevir. Türkiyədəki uğurları ilə yanaşı İranda çalışıb nəticə verməsi də Dənizlinin əlavə üstünlükləridir.


- Qarşıda qış transfer pəncərəsi gəlir. Azarkeşləri ən çox maraqladıran komandanın gücləndirilməsidir. Lazımi transferlər həyata keçiriləcək?
- Klub rəhbərliyi olaraq biz baş məşqçinin transfer siyasətinə qarışmırıq. Bu həmişə belə olub. Komandamızı çalışdıran heç bir mütəxəssis deyə bilməz ki, rəhbərlik transfer dönəmində mənim işimə müdaxilə edib. Gizlətmirəm, biz rəhbərlik olaraq bu mövsüm iki futbolçunu heyətə qatmışıq. Bunlardan biri komandamızın seleksiyaçı-məşqçisi Mario Souzanın təklif etdiyi Deyvid Sakkoni və bizim bir neçə müddətdir izlədiyimiz Etame Mbilladır. Hər iki futbolçunun keçidində də son sözü Con Toşak deyib. Düşünürəm ki, hər iki futbolçu komandamıza öz oyunu ilə xeyir verən oyunçulardır. "Xəzər Lənkəran”ın baş məşqçisi transfer məsələlərində əsas söz sahibidir. Xüsusilə də, qeyd edirəm ki, legionerlə yanaşı, azərbaycanlı futbolçuların transferi də baş məşqçinin səlahiyyətindədir. Mustafa Dənizlidə transfer siyasətində tam olaraq azaddır və onun istədiyi futbolçuları heyətə cəlb edəcəyik. "Sumqayıt”la oyunsonrası Dənizli ilə görüşümdə bunu xüsusi olaraq vurğuladım ki, fasilə dönəmində lazımi transferləri həyata keçirsin və komandanı gücləndirsin!

- Mais müəllim, son olaraq həbs olunan azarkeşlər məsələsinə toxunmaq istərdik. Lənkəranda keçirilən "Böyük oyun” sonrası həbs olunan 5 azarkeş haqqında fikirləriniz necədir?
- "Xəzər Lənkəran” klubu rəhbərliyi komandamıza dəstək verən bütün azarkeşlərin arxasındadır. Sivil yolla tribunalarda bizi dəstəkləyən istənilən azarkeşin fikirlərinə hörmətlə yanaşmışıq və mütəmadi olaraq şəxsən özüm də bir neçə dəfə fəal azarkeşlərlə görüşlər keçirmişəm. Hazırda həbsdə olan azarkeşlərin durumu ilə maraqlanmaq üçün klubumuzun icraçı direktoru mənim tərəfimdən bu məsələnin araşdırılmasına təhkim olunub. Höccət Hacıyev tez-tez işi aparan müstəntiq və prokurorla görüşüb mövcud vəziyyət barədə mənə məruzə edir. Əgər məhkəmə orqanları, işi aparan müstəntiq həbs olunan azarkeşlərin hər hansı iğtişaşın iştirakında təqsirli olmasını sübuta yetirsə, bizim qanunun tərəfində olmaqdan başqa yolumuz yoxdur.