Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunsun və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

3. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilsin.

4. “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594 (Cild I) 1-ci hissəsində “1300 (min üç yüz) manat məbləğində” sözləri “minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2024-cü il