Peter Zeyzanbaher: “Biz indidən Rio-de Janeyro - 2016 barədə düşünürük”

Peter Zeyzanbaher: “Biz indidən Rio-de Janeyro - 2016 barədə düşünürük”
Cüdo üzrə milli komandamız 2013-cü ildə sonuncu yarışını Abu-Dabidə keçirdi. Cüdoçularımız Birləşmiş Ərəb Əmirliklərində bir gümüş və iki bürünc medala sahib çıxdılar. Millimiz Qran-pri turnirindən qayıtdıqdan sonra baş məşqçi Peter Zeyzenbaherlə görüşdük. Avstriyalı mütəxəssis il ərzində qazanılan nailiyyətlər barədə qəzetimizə müsahibə verdi.

- Komandamızın son sınağı sizi qane etdimi?
- Abu-Dabi Qran-prisi cüdo üzrə komandamız üçün ilin son yarışı idi. Buna görə də, bu turnirdə medal qazanmaq istəyirdik. Qeyd edim ki, uzun müddət idi ki, biz yüngül məşqlərlə kifayətlənirdik. Bunu nəzərə alsaq, Abu-Dabi Qran-prisini heç də uğursuz saymaq olmaz. Yarışı üç medalla başa çatdırdıq. Cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) gümüş medala layiq görüldü. Orxan Səfərov (60 kq) və Ramin Qurbanov (90 kq) isə bürünc medala sahib çıxdılar. Xatırladım ki, ötən il yığma komandamız Qran-pri yarışında cəmi bir medal qazanmışdı. Deməli, builki nəticə ötən ilkindən daha yaxşıdır. Abu-Dabidə qazanılan üç medal yığmamızın inkişafının və hazırlıq səviyyəsinin yüksəldiyinin göstəricisidir.

- Dünya çempionumuzun bu yarışda iştirak etməməsinin səbəbi nə ilə əlaqədar idi?
- Elxan Məmmədov Braziliyada təşkil olunmuş dünya çempionatında qızıl medala layiq görülüb. O, universitet proqramına görə, 20 gün məşq etməmişdi. Bunun üçün də Elxanın yarışa aparılması sual altında idi. Qeyd etdiyim səbəblərə görə, dünya çempionumuz Abu-Dabi Qran-prisinə yollanmadı. Biz onun yaşını da nəzərə alırıq və ehtiyatlı davranırıq. İstəmirik ki, bu idmançımız çox yorulsun. Bu mənada, məşqçilər korpusu dünya çempionunu qorumaq istədi. Elxan hazırda xüsusi proqramla məşqləri davam etdirir və yeni mövsümdə tatami üzərinə çıxacaq.

- Beynəlxalq Cüdo Federasiyası ilin son reytinq cədvəlini açıqlayıb. İdmançılarımızın mövqelərində irəliləyişlər olub...
- Bu siyahı idmançılar üçün çox mühüm rol oynayır. İdmançıların reytinq cədvəlində ön sıralarda olması onların yarışqabağı püşkatmada leyhinə işləyir. Bundan əlavə, reytinq cədvəli idmançıların Olimpiya oyunlarında iştirakı baxımdan da, böyük rol oynayır. Bildiyiniz kimi, cüdoda Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir. Məhz buna görə də, biz çalışırıq ki, bütün yetirmələrimiz reytinq cədvəlində irəliləsinlər. Sevindiricidir ki, Beynəlxalq Cüdo Federasiyasının son siyahısında komandamızın bəzi üzvləri xeyli irəliləyiblər. Bu, Abu-Dabi Qran-prisində qazanılan xalların sayəsində mümkün oldu.
Yeri gəlmişkən deyim ki, bütün yarışlarda tam heyətlə mübarizə aparmaq, təlim-məşq toplanışlarında iştirak etmək heç də asan deyil. Bunlar maddi vəsait hesabına başa gəlir. Bir neçə il bundan əvvəl Azərbaycan cüdo yığması beynəlxalq yarışlarda çox az idmançı ilə təmsil olunurdu. İndi isə, komandamız iştirak etdiyi turnirlərə geniş heyətlə yollanır. Təbii ki, komandanın bütün üzvlərinin yarışlarda iştirakını çox istərdim. Amma bu, mümkün deyil.


- Komandamızın hazırlıq vəziyyəti ilə bağlı fikirlərinizi də bilmək istərdik.
- Komandamız bu ili uğurlu nəticələrlə başa vurur. Braziliyada keçirilən dünya çempionatında qazanılan bir qızıl və bir bürünc medal millinin hazırlıq səviyyəsindən xəbər verir. Məşqlərimiz mütəşəkkil qaydada keçirilir. Yetirmələrim növbəti mövsümdə təşkil olunacaq turnirlərə ciddi hazırlaşırlar. Əsas məqsədimiz gələn il Rusiyanın Çelyabinsk şəhərində təşkil olunacaq dünya çempionatında uğurla çıxış etməkdir. Biz idmançılarımızı sentyabr ayına kimi ən yaxşı formaya salmalıyıq. Bunun üçün bir sıra təlim-məşq toplanışlarında iştirak edəcəyik. Fikrimcə, komanda düzgün yoldadır. Bütün idmançılar məşqlərə ciddi yanaşsalar, nizam-intizama əməl etsələr, nəticələrimz də yaxşı olacaq. Cüdoçular üçün artıq yeni mövsüm başlayıb. Qarşıdakı turnirlərdə Olimpiya oyunları üçün lisenziya xalları qazanılacaq. Bu səbəbdən də cüdoçularımızın əsas məqsədi aktivlərindəki reytinq xallarının artırılması olacaq. Biz indidən Rio-de Janeyro -2016 barədə düşünürük. Komandamın bu böyük idman tədbirində bütün heyətlə mübarizə aparmasını istəyirəm. Bunun üçün lisenziya xallarını indidən qazanmaq lazımdır. Əlbəttə, bu məsələdə komandamızın işi heç də asan olmayacaq. Son illər cüdoçuların təqvim planı çox sıxlaşıb. Lakin biz idmançılarımızı ən mühüm yarışlarda sınamaq fikrindəyik. Şübhəsiz ki, bütün yarışlarda iştirak etmək mümkün deyil. Belə olan halda, idmançıların məşq etmək üçün vaxtı qalmır. Bu amili nəzərə alaraq, gücümüzü əsas yarışlarda sınayırıq.

- Rüstəm Orucovun Portuqaliyanın "Sportinq” klubunu təmsil edəcəyi barədə xəbərlər doğrudurmu?
- Milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) bəzi yarışlarda Portuqaliyanın "Sportinq” klubunun heyətində çıxış edəcək. Əlbəttə, idmançılarımızın xarici klublardan dəvət alması müsbət haldır. Bu, o deməkdir ki, bizim idmançıları bəyənirlər. Amma çalışmaq lazımdır ki, bu məsələlər milli komandanın məşqləri ilə uğyunlaşdırılsın, hazırlıq prosesinə heç bir maneçilik törətməsin.

- Komandanın bəzi üzvlərinin uğursuz çıxışı nə ilə əlaqədardır?
- Bunun bir sıra səbəbləri var. İdmançılarımız yarışlarda mərhələ adladıqca daha güclü rəqiblərlə qarşılaşırlar. Bundan əlavə, Azərbaycan cüdoçularının səviyyəsi məni hələ ki, tam qane etmir. İnanıram ki, gələcəkdə bu məsələ öz həllini tapacaq. Sadəcə, hər bir idmançı öz üzərində çox çalışmalıdır. Burada fiziki hazırlıqlar mühüm rol oynayır. Fikrimcə, idmaçıların məşqlərə laqeyd yanaşmaq haqqı yoxdur. Amma, təəssüf ki, bəzi idmançılar bu qaydaya əməl etmirlər. Bu da sonda onların yarış zamanı zəif çıxışına səbəb olur.

- Son vaxtlar Ramilə Yusubova beynəlxalq yarışlardan kənarda qalır...
- Düzünü desəm, o, heç millinin məşqlərinə də qatılmır. Belə olan halda, Ramilənin beynəlxalq yarışda iştirak etməsi düzgün olmazdı.
Azər Əlizadə