Elnur Məmmədli: “İdmanı həmişəlik tərk etməmişəm”

Elnur Məmmədli: “İdmanı həmişəlik tərk etməmişəm”

Pekin-2008 Yay Olimpya Oyunlarının qalibi Elnur Məmmədli idman karyerasını artıq başa vurub. Tanınmış cüoçumuz hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir. Olimpiya çempionu ilə söhbətimizdə o, idmanla çox tez vidalaşmasına aydınlıq gətirdi, həmçinin gələcək planlarından danışdı.

- Siz çox gənc yaşlarınızda idmandan getmək qərarına gəldiniz. Bu nə ilə bağlıdır? Azarkeşləriniz sizdən yeni uğurlar gözləyirdi...
- Bu qərarı verdiyim üçün təəssüflənirəm. Qərar qəbul etmək çox çətin idi. Yəni müalicəmi davam etdirdiyim üçün hələ dəqiq bilmirdim ki, idmançı karyeramı davam etdirəcəyəm, ya yox. Müalicə olunmaq üçün Almaniyaya getdim. Zədəmin sağalması isə uzun bir vaxt tələb edirdi. Bundan əlavə, əməliyyat olunduqdan sonra tatamiyə çıxa biləcəyim sual altında idi. Hələ dəqiq bilinmirdi ki, əməliyyat olunduqdan sonra tatamiyə çıxa biləcəyəm, yoxsa yox. Son nəticədə qərara gəldim ki, idmançı karyeramı başa vurum. Qərarıma görə peşman deyiləm.
Onu da deyim ki, idmanı həmişəlik tərk etməmişəm. Allaha şükürlər olsun ki, karyeram ərzində bir sıra yarışların qalib və mükafatçısı oldum. Amma karyeramın zədə səbəbindən belə tez başa vuramağıma heyifsilənirəm. Amma nə etmək olar? Görünür, qismət belə imiş. İdmanda zədələr qaçılmazdır. Bundan sonra çalışacağam ki, Azərbaycanda yeni Elnur Məmmədlilər yetişsin.
Mənə bu işi həvalə etdiyi üçün Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərova minnətdarlığımı bildirirəm. Gənclər və idman naziri Azad Rəhimova, "Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqova da təşəkkürlərimi bildiriəm. Bu insanların mənim idmançı karyeramda əvəzsiz rolları olub.

- Sizcə, idmançı olmaq daha məsuliyyətlidir, yoxsa vitse-prezident?
- Təbii ki, bunların hər ikisi böyük məsuliyyət tələb edir. Beynəlxalq yarışlarda çıxış edən idmançı üçün ən məsuliyyətli iş öz ölkəsinin idman şərəfini layiqincə qorumaqdır. Hazırda mənə çox mühüm vəzifə həvalə olunub. Çalışacağam ki, bundan sonra da etimadı doğruldum. Bu işə çox həvəslə başlamışam. Məni qarşıda çox mühüm işlər gözləyir. Çalışacağam ki, idman sahəsində əldə etdiyim bilikləri və təcrübəmi gənclərlə bölüşüm, onlara öyrədim.

- Maraqlıdır, vitse-prezident kimi, qarşıda hansı planlarınız var?
- 2014-cü ildə yeniyetmələr, gənclər və böyüklər arasında dünya və Avropa çempionatları keçiriləcək. Bunun üçün indidən regionlarda seleksiya işi apararaq, istedadlı və perspektivli idmançıları seçəcək, eyni zamanda, rayonlarda cüdo seksiyalarının fəaliyyətini də müşahidə edəcəyəm. Perspektivli gəncləri seçərək məşqlərə cəlb etmək, öz biliklərimi onlarla bölüşmək niyyətindəyəm. Azərbaycan cüdosunda bir Olimpiya çempionu deyil, bir neçə çempionun yetişməsinə çalışacağam. Bir sözlə, bundan sonra cüdonun təbliğ olunmasına xidmət edəcəyəm.



- Azərbaycan cüdosunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan idmanında cüdonun özünəməxsus yeri var. Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə cüdoçularımızın qazandığı mükafatlar bu sözü deməyə əsas verir. Tarixi uğurların davamı olaraq, bu gün ölkəmizdə cüdonun inkişafı istiqamətində ciddi işlər görülür. Bu barədə təsəvvürümün yaranması üçün, sadəcə, cari ildə cüdoda əldə edilən nailiyyətlərə nəzər salmaq kifayətdir.
Bu nəticələrə baxdıqda çox böyük irəliləyişlərin şahidi oluruq. Avstriyalı mütəxəssis Peter Zeyzenbaherin gəlişindən sonra komandada bir sıra dəyişikliklər oldu: cüdoçuların hazırlıq səviyyəsi yüksəldi, özünəinam artdı, təlim-məşq prosesləri daha da təkmilləşdirildi. Belə demək mümkünsə, Zeyzenbaher Avropanın cüdo elmini Azərbaycana gətirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi altında komandamız bu il dünya çempionatında uğurla çıxış etdi. Həmin yarışda Elxan Məmmədov qızıl, Orxan Səfərov isə bürünc medal qazandı. Elxan çox güclü idmançıdır. O, bir sıra turnirlərin qalibi olub. Zeyzenbaherin gəlişindən sonra Elxan daha da inkişaf edib. Buyaxınlarda keçirilən Abu-Dabi Qran-prisi də komandamız üçün yaddaqalan oldu. Bütün bu nailiyətləri cüdo tariximizin böyük uğuru hesab etmək olar. Bütün bunlar görülən işlərin yüksək səviyyədə həyata keçirildiyindən xəbər verir. Şübhəsiz ki, əldə olunan bu uğurları təkcə komandanın indiki baş məşqçisi Zeyzenbaherin adı ilə bağlamaq olmaz. Ağayar Axundzadənin də komanda üzərində böyük zəhməti olub. Bu mütəxəssi mənim idmançı karyeramda çox böyük rol oynayıb. İdmanda qazandığım uğuruma görə Ağayar müəllimə minnətdaram. Onun zəhmətini heç vaxt unutmaq olmaz.

- Ölkəmizdə I Avropa Oyunları kimi mötəbər idman tədbiri keçiriləcək. Necə düşünürsünüz, cüdoçularımız bu yarışda uğur qazana biləcəklərmi?
- 2015-ci ildə paytaxtımız ilk dəfə təşkil olunan I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bütün diqqətlər Azərbaycana yönələcək. Qeyd edim ki, mən həm də I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvüyəm. Bu sahədə işlər yüksək səviyyədə aparılır. Yeni idman qurğuları inşa etdirilir. Avropa Oyunlarında mənim də üzərimə böyük məsuliyyət düşəcək. Əvvəllər tək özüm üçün məsuliyyət daşıyırdımsa, indi komandanın da məsuliyyəti mənim üzərimdə olacaq. Cüdoçularımızı mötəbər yarışa həm fiziki, həm də taktiki baxımdan hazırlamalıyıq. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq və nəinki cüdoçularmız, eləcə də Avropa Oyunlarında çıxış edən digər idmançılarımız yüksək nailiyyətlər qazanacaqlar.
Azər Əlizadə