Bodibildinqçilərin heyəti genişlənir, yarışlar sınağa çevrilir
Müstəqillik əldə etdikdən sonra Azərbaycan idmanında böyük yüksəliş dövrü başladı. İllər ötdükcə idmançılarımız müxtəlif növlərdə uğurlu nəticələr əldə etdilər. Bununla paralel olaraq həmin idman növlərində inkişaf və tərəqqi nəzərə çarpamağa başladı. Artıq Azərbaycan dünyanın aparıcı idman arenalarında güclü idmançıları tanınır. İstər Olimpiya, istərsə də qeyri-Olimpiya növlərində qazanılan medalların sayı ildən-ilə artır. Bu isə Azərbaycan dövlətinin idmana və idmançıya göstərdiyi diqqət və qayğının təzahürüdür.
Artıq 2013-cü ili başa çatmasına az bir vaxt qalır. Bu il ərzində ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları və qurumları bir sıra yadda qalan nəticələrə sahib çıxıblar. İli yüksək nəticələrlə başa vuran idman qurumlarından biri də Azərbaycan Bodibildinq və Fitnes Federasiyasıdır. Dünya və Avropa miqyaslı yarışlarda uğurla çıxış edən bodibildinçilərimiz 2013-cü ildə 7 medala yiyələniblər. Əldə edilən uğurlar və yeni ildə görüləcək işlər barəsində ətraflı məlumat almaq üçün Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyevlə görüşüb bizi maraqlandıran suallara aydınlıq gətirdik.
- Rauf müəllim, bu il bir sıra mötəbər yarışlarda iştirak etmisiz. Nəticələrdə ürəkaçandır. Bu barədə nə deyərdiniz?
- Bəli. Bu il bizim üçün çox uğurlu oldu. İlk yarışlarımız ABŞ-da keçirilən Arnold Klassik yarışı oldu. Həmin mötəbər yarışda klassik bodibildinq üzrə təmsilçimiz Andrey Lapuşanski üçüncü yerə layiq görüldü. Mart ayında bodibildinqçilərimiz Danimarkanın açıq kuboku uğrunda keçirilən yarışlarda iştirak etdilər. Bu turnirdə mübarizə aparan Yelena Kişina bürünc medala yiyələndi. Bu yarışlardan sonra Avropa çempionatlarına start verildi. İlk yarış Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil olundu. Qitə yarışında üç idmançımız tarixi nəticə qazandılar. Belə ki, üç idmançımızdan ikisi qızıl, biri isə gümüş medala sahib çıxdı. Klassik bodibildinq üzrə yarışlarda Teymur Aslanov qızıl medala sahib çıxdı. 100 kq çəki üzrə bodbildinqçilərin yarışında isə Rza Zinatlu birinci yeri tutdu. Digər idmançımız Yalçın Məmmədov isə möhtəşəm forma nümayiş etdirsə də, sonda gümüş medalla kifayətləndi. İdman mütəxəssisləri çempion olacağını düşünürdülər. Sonuncu raunda kimi o, birinci pillədə qərarlaşdı. Lakin o, son anda slovakiyalı idmançını ondan üstün tutdular. Bir hakim kimi deyə bilərəm ki, Yalçın çempionluğa layiq idi. Onun qızıl medal qazanacağına şübhəm yox idi. Lakin bu mümkün olmadı.
- Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən xanım idmançımız etimadı doğrulda bilirmi? - Biz bu idmançıya böyük ümid edirik. Onu heyətimizə daxil edəndə inanırdıq ki, Elena Kişina bizim etmadımızı doğruldacaq. Nəticə özünü çox gözlətmədi. Bu il İspaniyada təşkil olunan Avropa çempionatında əvvəlcə o, 4-cü yeri tutdu. Sentyabr ayında Ukraynanın Kiyev şəhərində bodibildinq üzrə dünya çempionatı keçirildi. Bu turnirdə Elena Kişina komandamıza ilk medalı qazandırdı. O, Azərbaycan bodibildinq tarixində bodifitnes kateqoriyasında ən hündür boy dərəcəsinə görə üçüncü yeri tutdu. Mən bu idmançıya böyük hörmətlə yanaşıram. O əsl peşəkar idmançıdır. O indii də qarşıdakı aylarda təşkil olunacaq dünya və Avropa çempionatlarına hazırlaşır.
- Komandamızın aparıcı üzvləri Yalçın Məmmədov və Vüqar Verdiyevin çıxışları hər zaman diqqətdə olub. Bəs onlar barəsində nə deyərdiniz?
Bu il mötəbər yarışlarda biri də Mərakeşdə oldu. Dünya çempionatında Yalçın Məmmədov və Vüqar Verdiyev komandamızı təmsil edirdi. Bu yarışa həm Yalçın, həm də Vüqar çox yüksək formada idilər. Lakin Yalçın yarımfinala düşə bilmədi.
- Yəni bu dəfə də hakimlər qeyri obyektiv qərarlar verdilər?
Bəli. Artıq biz buna öyrəşirik. Dünya çempionatında finala düşən ilk altılığı görəndə çox təəccübləndim. Bu bilavasitə ədalət təmsilçilərinin səhvinin nəticələridir. Bu hakimlər səhnədəki idmançıların çıxışını izləmirlər. Onlar sanki riyaziyyatla məşğul olurlar. Siyahıya əsasında finalçıları müəyyən edirlər. Bu vaxta qədər anlaya bilmirəm ki, Vüqar necə oldu ki, finala düşə bilmədi. Onlar ən yaxşı formada olsalar belə Vüqarı heç vaxt qabaqlaya bilməzlər. Mərakeş yeganə yarış idi ki, idmançılarımız finala yüksələ bilmədilər. İştirak etdiyimiz 8 yarışın 7-də 4-cü yerdən aşağı nəticəmiz olmayıb. Ümumilikdə idmançılarımız 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazandılar. Bu kifayət qədər yüksək nəticədir.
- Ölkə çempionatından razı qala bildinizmi?
- Bu il Bakıda Respublika çempionatını keçirdik. Noyabrın 26-da Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən yarışda respublikanın ən güclü idmançıları iştirak etdilər. Yarış çox yüksək səviyyədə keçdi. Ən əsası da hakimlik yüksək səviyyədə idi. Yarışları iki kateqoriyada keçirmişdik: 75 kq-ya qədər və 75 kq-dan yuxarı. Birinci kateqoriyada Teymur Aslanov respublika çempionu titulunu qazandı. Yuxarı çəki dərəcəsində yarışan Vüqar Verdiyev də rəqiblərindən açıq aşkar güclü idi. O, mütləq adını qazandı.
- Yeni ildə, yeni uğurlar sorağında. Buna hızırlaşırsınızmı?
Qarşıdakı ilə bizim çox güclü komandamız hazırlaşır. Klassik bodibildinqə iki gənc idmançı cəlb olunub. Bunlar Azərbaycan çempionatlarında özlərini yaxşı tərəfdən göstərən Kənan Axundov və Elnur Şıxəliyevdir. Fikrimcə gənc idmançıları beynəlxalq yarışlarda sınamalıyıq. Sevindiricidir ki, Fərhad Quliyev də yenidən böyük idmana qayıdacaq. O, artıq hazırlıqlara başlayıb. Çox güman ki, o, yenidən eyni boy dərəcəsində Teymurla birgə çıxış edəcəklər.
- Men-fizik və bikini yarışlarında Azərbaycan idmançıları iştirak edə biləcəklər?
- Bu il bu növlərdə iştirak edəcək idmançıları nəzərdən keçirmişik. Belə ki, heyətə yeni qadınlar cəlb edəcəyik. Lakin hələki onların adlarını açıqlamaq istəmirəm. Təmsilçimiz Elena Kişina bodifitnes yarışlarında iştirak etmək istəyir. Bundan əlavə, bikini yarışlarında iştirak etmək istəyirik. Bu idmançıları biz həmçinin, may ayında İspaniyada keçiriləcək Avropa çempionatında sınamaq istəyirik. O ki qaldı, mens-fizik yarışına, həmin növdə Andrey Lapuşanski təmsil olunacaq. Belə qərara gəldik ki, o, klassik bodibildinqdən mens fizik yarışlarına keçsin. Mart ayında isə Kolombusda təşkil olunan yarışda Lapuşanski öz bacarığın nümayiş etdirəcək. Yalçın Məmmədov (70 kq), Vüqar Verdiyev (85 kq), Məhəmməd Paşayi (90 kq), Rza Zinatlu (100 kq) və Əhməd Alverdi (100 + kq) də yarışlara hazırlaşırlar.
- Qarşıda bir sıra möətbər idman tədbirləri keçiriləcək. Təkcə ölkəmizdə təşki olunacaq I Avropa oyunlarını xüsusi qeyd etmək olar. Bu barədə nə deyərdiniz?
- Bu il çox güclü komanda ilə hazırlaşırıq. Bunun da əsas səbəbi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlıdır. Bildiyiniz kimi, bodibildinq I Avropa Oyunlarının mədəni proqramına salınıb. Biz bu yarışda çox yüksək səviyyədə çıxış etməliyik. Beynəlxalq Bodibildinq Federasiyasının prezidenti Rafael Santoxa 1 il ərzində keçirilən bütün rəsmi tədbirlərdə həmişə I Avropa Oyunları ilə bağlı məlumatlar verir. Yəni bu yarış bizim üçün çox önəmlidir. Bu tarixi addımdır. İnanıram ki, idmançılarmız bu yarışlarda yüksək nailiyyətlər qazanacaqlar.
- Rauf müəllim, yaxın günlərdə "BestGym” klubunun yubileyidir. Bodibildinqin inkişafında bu klubun müstəsna rolu var.
- Qeyd etdiyiniz kimi, "BestGym” klubu Azərbaycanda bodibildinqin inkişafına böyük töhfələr verib. Azərbaycanın dünya və Avropa çempionatlarında uğur qazanan idmançılarının əksəriyyəti bu klubda yetişiblər. 20 yaşlı yubileyini qeyd edən "BestGym” klubu bundan sonra da ənənələri davam etdirəcək. Uğur və qələbə sevinci daim bizimlə olacaq.
Anar Əhmədov,
Azər Əlizadə