Ötən həftə başa çatan Sinqapur Qran-Prisi tarixdə təhlükəsizlik avtomobilinin "Marina Bey" avtodromunda görünmədiyi ilk yarış oldu.
Sinqapur Qran-Prisi ilk dəfə 2008-ci ildə Formula 1 təqvimində yer alıb. Həmin vaxtdan etibarən 15 yarışa ev sahibliyi edib. Əvvəlki bütün illərdə "Marina Bey"də təhlükəsizlik avtomobili görünüb.
Lakin Sinqapur Qran-Prisi təhlükəsizlik avtomobilinin trasda çıxışlarının sayına görə liderlərdən biridir. Maraqlıdır ki, FİA-nın daimi təhlükəsizlik avtomobil sürücüsü Bernd Mailander bu dəfə pit-leyni tərk etməyib. Heç bir virtual təhlükəsizlik avtomobili rejimi işə düşməyib. Ümumilikdə ardıcıl doqquzuncu dəfə Qran-Pridə tam təhlükəsizlik avtomobilindən istifadə olunmayıb. Qeyd edək ki, sonuncu dəfə Bakı trekində həmin avtomobil trasa çıxıb.
Məlumat üçün bildirək ki, "McLaren" komandasının sürücüsü Lando Norris Sinqapur Qran Prisinin qalibi olub. İkinci yeri "Red Bull Rasinq"dən Maks Ferstappen qazanıb. İlk üçlüyü "McLaren" pilotu Oskar Piastri tamamlayıb.