Yanvarın 11-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB)
5-ci turunda Azərbaycanın "Baku Fires” və "Cuba Domaderos” komandaları qarşılaşacaq. "Azadlıq adası” təmsilçisi 4 görüşün hamısında qalib gələrək, A qrupunun vahid lideridir.
Komandaların heyətləri artıq məlumdur:
"Baku Fires” - "Cuba Domaderos”
49 kq. Xamza Nametov - Yosbani Veita
56 kq. Məhəmməd Qurbanov - Robeysi Ramirez
64 kq. Heybətulla Hacəliyev - Yasiner Toledo
75 kq. Xaybulla Musalov - Ramon Luis
91 kq. Denis Latipov - Erislandi Savon
Boksda böyük ənənələri olan Kuba Azərbaycana güclü heyətlə gəlir. Rəqib komandanın düşərgəsində Olimpiya və dünya çempionatlarının mükafatçıları yer alır. 56 kq çəki dərəcəsində mübarizə aparan Robeysi Ramirez Kuba komandasının ən tanınmış boksçularındandır. O, 52 kq çəki dərəcəsində London Olimpiadasının qızıl medalını qazanıb. Ramirez bundan sonra çəkisini artıraraq, 56 kq-da çıxış edir.
Hacəliyevlə döyüşəcək Toledonun da böyük uğurları olub. Kubalı boksçu 2011 və 2013-cü illərdə dünya çempionatlarının gümüş mükafatçısı olub. Toledo London Olimpiadasında isə bürünc medala layiq görülüb.
Denis Latipovla görüşəcək Erislandi Savon da azərbaycanlı boks azarkeşlərinə tanış simadır. Savon 3 il öncə Bakıda keçirilən dünya çempionatında Məhəmmədrəsul Məcidova, ötən il isə Almatıda Teymur Məmmədova uduzmuşdu.
Xaybulla Musalov isə cari mövsümdə "Baku Fires”in heyətində ilk döyüşünü keçirəcək.
Turnir cədvəli:
1. "Coba Domaderos” - 12 xal, (4 görüş)
2. "Astana Arlans” - 10, (4)
3. "Rusiya” - 7, (4)
4. "Baku Fires” - 6, (4)
5. "Mexico Gurerreros” - 3, (4)
6. "Hussars Poland” - 0, (4)
Bu həftə "B” qrupunda daha 2 görüş baş tutacaq. "Hussars Poland” "Astana Arlans”ı qəbul edəcək. "Mexico Guerreros” isə səfərdə Rusiyanın qonağı olacaq.