"Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin ilk yarış gününə yekun vurulub.
Azərbaycan avarçəkənləri yarışın ilk gününü 2 qızıl, 3 gümüş, 4 bürünc medalla başa vurublar.
Təmsilçilərimizdən Amil Ramazanov və Nurlan Paşayev qızıl medallara layiq görülüblər.
A.Ramazanov 500 metr məsafəyə akademik avarçəkmə növündə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında, N.Paşayev isə 2006-2007-ci illər təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Akademik avarçəkmə növündə 500 metr məsafəyə yarışda mübarizə aparan komandamızın digər üzvlərindən Əlimurad Hacızadə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında gümüş medal qazanıb.
Ə.Hacızadə həmçinin 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında 1000 metr məsafəyə kayak yarışında ikinci yeri tutub.
Ölkəmizə digər gümüş medalı 2006-2007-ci illər təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növü üzrə yarışında Cahangir Məmmədli qazandırıb.
Komandamızın digər üzvlərindən Niyaz Məlikov-Elvin Əliyev cütlüyü 2008-2009-cu illər təvəllüdlü idmançıların 500 m məsafəyə kayak mübarizəsində, Cavid Vəlizadə isə 1 nəfərlik kanoe qayığında 2008-2009-cu illər təvəllüdlü idmançıların 1000 m məsafəyə mübarizəsində bürünc medal qazanıb.
Məhəmməd Niftullayev 2006-2007-ci illər təvəllüdlü idmançıların 1500 m məsafəyə akademik avarçəkmə növündə, Məhəmməd Həsənov isə 2010-2011-ci illər təvəllüdlü idmançıların 1000 metr məsafəyə akademik avarçəkmə yarışında üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, 12 ölkədən 100-dək idmançının mübarizə apardığı yarışda Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında beynəlxalq reqatanın rəsmi açılış mərasimi keçiriləcək.
Oktyabrın 18-də isə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi təşkil olunacaq.
"Mingəçevir Reqatası-2024"ün ilk günü 9 medalla yadda qaldı