Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasinin təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə yekun vurulub.
Yarışın son günündə Azərbaycan avarçəkənləri daha 13 medal qazanıblar.
Təmsilçilərimizdən Azər İlyasov - Tunar Məmmədzadə cütlüyü 2008-2009-cu illər təvəllüdlü idmançıların mübarizəsində qızıl medal əldə ediblər.
Onlar akademik avarçəkmə üzrə 1500 məsafəyə yarışda fərqləniblər.
Amil Ramazanov (2006-2007) kayakda 1000 metr məsafəyə yürüşdə gümüş medala sahib çıxıb.
2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov - Emil Zeynalov dueti gümüş, Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü isə bürünc medala yiyələniblər.
Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev - Cahangir Məmmədli, Sabit Abdullayev - Fikrət Həsənov, Məhəmməd Niftullayev - Neymət Həsənov cütlükləri müvafiq olaraq, ilk üç yeri tutublar.
200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü qızıl, İvan Vorobyanski - Hüseyn Həsənov və Vacib Babayev - Şahin İsayev duetləri gümüş medallara yiyələniblər.
Son olaraq İbrahim Məmmədzadə - Elmir Tarverdiyev (2010-2011) tandemi kayakda üçüncü olublar.
1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov - Raul Şamilov gümüş, Yusif Əliyev - Ruslan Fərəcov bürünc mükafat qazanıblar.
Xatırladaq ki, yarışın ilk iki günündə idmançılarımız 11 medal qazanmışdılar.
Bununla da komandamız beynəlxalq reqatanı 24 medalla başa vurub.