Rizvan Gənciyev: “Komandadan razı qaldım”

Rizvan Gənciyev: “Komandadan razı qaldım”

"Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev Ümumdünya Boks Seriyasının 5-ci turunda "Cuba Domaderos”la görüşdən sonra fikirlərini açıqlayıb. O, məğlubiyyətə baxmayaraq, boksçularımızdan razı qaldığını bildirib: "Mənim boksçulara heç bir iradım yoxdur. Onlar əllərindən gələni etdilər. Kuba bura çox güclü heyətlə gəlmişdi. "Baku Fires”ə qarşı Olimpiya, dünya çempionları döyüşdülər. Bu komanda "Astana Arlans”ı səfərdə məğlub edib. Rusiya komandası üzərində 5:0 hesablı qələbə qazanıb. Heybətulla Hacəliyevlə Xaybulla Musalovu qələbə münasibətilə təbrik edirəm. Xüsusən də Heybətulla çox güclü rəqibini hətta bir dəfə noqdauna da saldı. 2:3 hesabı ilə məğlub olaraq, 1 xal qazandıq. Mətbuat konfransında demişdim ki, zəif mübarizə aparanlar, rəqibdən qorxanlar komandadan qovula da bilərlər. Amma bu gün elə boksçu olmadı. Uduzan idmançılarımız da çalışdılar, vuruşdular. Sadəcə, bir qədər təcrübələri və ustalıq səviyyələri çatmadı. Qarşıda bizi "Astana Arlans”la Qubada çətin döyüş gözləyir. Bu dəfə fərqli heyət mübarizə aparacaq. Qazaxıstan komandası ilə qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Qubalıları yanvarın 18-də keçiriləcək görüşə dəvət edərək, komandamıza dəstək olmağa çağırıram”, - deyə o əlavə etdi.
"Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibov "Cuba Domaderos”la döyüşün çox gərgin, maraqlı keçdiyindən və sonrakı rəqiblə döyüşəcək heyətdən danışıb: "Öncə 0:2 hesabı ilə kubalılara uduzurduq. Sonradan Heybətulla Hacəliyev və Xaybulla Musalovun qələbələri bizi ümidləndirdi. Ancaq son görüşdə Denis Latipov Erislandi Savona uduzdu. Latipovun yerinə Abdulqadir Abdullayev də olsa idi, qalib gələ bilməyəcəkdi. Çünki Abdullayev bu cür taktika seçən boksçulara qarşı döyüşə bilmir. O, açıq döyüşə meyil edənlərə qarşı daha yaxşı mübarizə aparır. Latipovun bir qədər təcrübəsi çatmadı. Növbəti rəqibimiz liqanın son qalibi "Astana Arlans”dır. Məhəmmədrəsul Məcidovu bu döyüşdə heyətə daxil etmək istərdim, amma o, hələ tam hazır deyil. Məcidovun yerinə Arslanbek Mahmudovu düşünsəm də, o, son məşqlərin birində zədələndi. Ümid Hacı Murtuzəliyevə qalır. Digər çəkilərdə Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Məhəmməd Nuruddinov (69 kq) və Ramazan Məhəmmədov (81 kq) rinqə çıxacaqlar. Bu heyətimiz daha güclüdür və mən inanıram ki, "Astana Arlans” üzərində qələbə qazana biləcəyik”.