COP29: Paris Sazişi hədəflərinə nail olmaq istiqamətində töhfələrə dair panel keçirilib

COP29: Paris Sazişi hədəflərinə nail olmaq istiqamətində töhfələrə dair panel keçirilib

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “Hədəflərin əlaqələndirilməsi: həyata keçirilə bilən və investisiyaya hazır müəyyənləşdirilmiş milli töhfələr” mövzusunda panel diskussiya təşkil edilib.

Paneldə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), BMT-nin İnkişaf Proqramı (UNDP), Netto Sıfır uğrunda Qlazqo Maliyyə Alyansı (GFANZ), eləcə də Qazaxıstan, Almaniya və Filippin rəsmiləri çıxış ediblər.

İlk olaraq diqqətə çatdırılıb ki, müəyyənləşdirilmiş milli töhfələr 2015-ci il Paris İqlim Sazişi çərçivəsində qlobal istiləşmənin məhdudlaşdırılması məqsədilə dövlətlərin fərdi qaydada müəyyənləşdirdiyi ətraf mühitin mühafizəsi hədəfləridir və bu hədəflərin implementasiyası diqqət mərkəzində saxlanmalı, onlar yeni iqlim çağırışlarına uyğunlaşdırılmalıdır.

Çıxış edən natiqlər Paris Sazişinin hədəflərinə nail olmaq üçün uğurlu təcrübələrin bölüşülməsi, multilateral əməkdaşlığın gücləndirilməsi, milli qanunvericiliyin bu hədəflərin reallaşdırılması üçün uyğunlaşdırılması ilə bağlı fikirlərini səsləndiriblər. Paneldə istixana qazlarının azaldılması səyləri üzrə inklüziv forum çərçivəsində iqtisadi analizlərin təhlili və hökumətlərin öhdəlikləri ətrafında da müzakirələr aparılıb.

Müzakirələrdə, həmçinin emissiyaların məhdudlaşdırılması, yaşıl texnologiyaların dəstəklənməsi və innovativ infrastrukturların inkişafı naminə iqlim maliyyəsi ilə bağlı yeni çərçivə razılaşmasının vacibliyi vurğulanıb.