WBA, WBO və İBF versiyalarında superağır çəki dərəcəsində boks üzrə dünya çempionu, 37 yaşlı Vladimir Kliçko və onun tituluna iddialı, 34 yaşlı avstraliyalı Aleks Leapai arasında döyüş keçirilməsi barədə razılığa gəlinib.Qeyd edək ki, Leapai noyabr ayında rusiyalı boksçu Denis Boytsova qalib gəlib. Boytsov peşəkar rinqdə ilk dəfə məğlubiyyətə uğrayıb, Leapai isə ukraynalı dünya çempionu ilə titul döyüşü uğrunda namizəd adını alıb. Kliçko isə keçən il Moskvada Aleksandr Povetkinlə döyüşdə WBA, İBF, WBO və İBO versiyalarında öz titulunu qoruyub saxlayıb. WBO prezidenti Fransisko Valkarsel Twitter sosial şəbəkəsində yazıb: "Vladimir Kliçko və Aleks Leapai aprel ayında Almaniyada qarşılaşmaq barədə razılığa gəliblər”.
Qeyd edək ki, peşəkar rinqdə 30 qələbə (24-ü nokautla) qazanmış Leapai 4 döyüşdə məğlub olub, 3 döyüşü isə heç-heçə başa vurub. Kliçko qardaşlarının kiçiyi Vladimir 61 döyüşdə qələbə qazanıb (52 döyüşdə vaxtından əvvəl) və 3 dəfə məğlubiyyət (hamısı nokautla) acısı yaşayıb.