“5 mart tarixi bütün idmançılarımızın bayramıdır. Bu münasibətlə Azərbaycan idman ictimiyyətinin nümayəndələrini təbrik edirəm”.
Bu sözləri Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Namiq Abdullayev Bakının Xətai rayonundakı "Hərbi Qənimətlər Parkı”nda 5 Mart -Bədən Tərbiyəsi və İdman Günü münasibətilə MOK-un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən hər ilin 5 mart tarixinin Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edildiyini bildirib.
“Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Bu görüş biz idmançılara böyük ruh yüksəkliyi vermişdi. İdmana olan qayğını üzərimizdə hiss edərək iştirak etdiyimiz yarışlarda Azərbaycanın adını daim uca tutmağa, bayrağımızı yüksəklərə qaldırmağa çalışırdıq. Sevindirici haldır ki, bu gün də idmançılarımız öz uğurları ilə xalqımızı sevindirir. Bayram ərəfəsində “Hərbi Qənimətlər Parkı”nda da belə bir araya gəldik. Ağacəkmə aksiyasında böyük coşğu və sevinc hissi ilə iştirak etdik. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm. Onlar öz qanları ilə tarixi torpaqlarımızı azad etdilər. Fürsətdən istifadə edib, bayram ərəfəsində idmançılarımıza arzu edirəm ki, daim bayrağımızı yüksəklərə qaldırıb, himnimizi səsləndirsinlər”, - deyə Namiq Abdullayev bildirib.
Namiq Abdullayev: “Ağacəkmə aksiyasında böyük coşğu və sevinc hissi ilə iştirak etdik”

