Dünən Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) komissiyalarının iclası öz işinə başlayıb. İclasda çıxış edən Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu Azərbaycanda boksun yüksək səviyyəli inkişafından söz açıb. «2011-ci ildə Bakıda keçirilən dünya çempionatından indiyədək boks Azərbaycanda sürətlə inkişaf edir. Biz bunu görürük”. O, rəhbərlik etdiyi AİBA-nın komissiyalarının Bakıda keçirilən iclası ilə bağlı fikirlərini açıqlayıb: "Bizə bu şəraiti yaratdığına görə Azərbaycan dövlətinə, həmçinin Azərbaycan Boks Federasiyasına (ABF), şəxsən Kəmaləddin Heydərova təşəkkür edirik”.AİBA prezidenti 3 gün davam edəcək iclasın gündəliyinə də toxunub: "Burada hər bir komissiyanın özünün müzakirə mövzusu var. Onlar ayrı-ayrılıqda müzakirələr aparacaq və komissiya sədri gəlib, ümumi iclasda bizə məlumat verəcək. Toplanan məlumatların hamısı AİBA-nın İcraiyyə Komitəsinə yönəldiləcək. Burada isə bir daha müzakirələr aparıldıqdan sonra yekun qərarlar qəbul ediləcək”.
Qeyd edək ki, AİBA-nın tərkibində 7 komissiya fəaliyyət göstərir.
İclasda çıxış edən Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov AİBA rəsmiləri və üzvlərinin Bakıya səfərindən məmnunluğunu ifadə edib: «Mən sizi yenidən Azərbaycan paytaxtı Bakıda görməyə şadam və sizə "xoş gəlmisiniz” deyirəm”. ABF prezidenti bildirib ki, beynəlxalq idman yarışları və tədbirlərini ölkəmizdə keçirmək artıq xoş ənənəyə çevrilib:
«Bu gün Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) komissiyalarının iclası öz işinə başlayıb. Ölkəmizdə nüfuzlu idman yarışları və tədbirinin təşkili artıq ənənəyə çevrilib. Bir çox yarışları qeyd etmək olar. Mən ölkəmizdə ilk dəfə keçiriləcək 2015-ci il I Avropa Oyunlarını xüsusilə qeyd etmək istərdim. Avropa Olimpiya Komitəsi Azərbaycanın təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, bu mötəbər yarışı bizə həvalə etdi. Həmçinin, hamınıza yaxşı məlumdur ki, Bakı boks üzrə bir çox tədbir və yarışlara ev sahibliyi edib. Ümidvaram ki, 2011-ci ildə Bakıda keçirilmiş boks üzrə dünya çempionatının xoş xatirələri hələ də yaddaşlarınızdan silinməyib”.
K.Heydərov qeyd edib ki, 3 il öncə paytaxtımızda keçirilən dünya çempionatının Azərbaycanda boksun inkişafında dönüş nöqtəsi olub və Bakı boks mərkəzlərindən birinə çevrilib: "AİBA bizə bir daha şərait yaratdı. Boks üzrə AİBA komissiyalarının iclasını Bakı şəhərində təşkil edilməsi bu inkişafın bariz nümunəsidir. AİBA rəhbərliyinə, prezidentinə, bütün AİBA ailəsinə təşəkkür edirəm. Əminəm ki, burda olduğunuz müddətdə sürətlə inkişaf edən Bakının yeni gözəllikləri ilə tanış olacaqsınız. Bakıya xoş gəlmisiniz”.
Qeyd edək ki, Bakıda keçirilən Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) komissiyalarının iclasında AİBA prezidenti Çinq-Kuo Vu, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və beynəlxalq qurumda təmsil olunan federasiyaların rəsmiləri iştirak edirlər. İclasda öncə toplantının gündəliyi barədə məlumat verilib. Bildirilib ki, burada 7 komissiya ayrı-ayrılıqda bir araya gəlib müəyyən fikir mübadiləsi aparacaqlar. Ardınca isə həmin məsələlər İcraiyyə Komitəsində müzakirə olunacaq.
AİBA prezidentinin sözlərinə görə, əsas hədəf boks idman növünü daha da populyarlaşdırmaq, kütləviləşdirmək və gələcək yarışlar barədə müzakirələr aparmaqdır.
Ardınca 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya kvotaları komissiyaların müzakirəsinə verilib. Planetin ən böyük yarışına lisenziyalar Olimpiya boksundan, WSB liqasından və Peşəkar Boks Liqasından veriləcək. 2015-ci ildə Dohada keçiriləcək dünya çempionatından başqa, 2016-cı ildə qitələr üzrə təsnifat yarışları da lisenziya xarakterli olacaq.
Qeyd edək ki, iclas öz işinə yanvarın 23-də yekun vuracaq. İclasda komissiyalar ayrı-ayrılıqda, sonuncu gün isə birgə müzakirələr aparacaqlar.