Boks üzrə Azərbaycan çempionatına start verilib

Boks üzrə Azərbaycan çempionatına start verilib



Yanvarın 26-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start verilib.
Yanvarın 30-dək davam edəcək yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 150-ə yaxın dəri əlcək ustası mübarizə aparır.
Cari ildə böyüklər arasında dünya və Avropa çempionatı keçirilməyəcəyindən milli komandamızın aparıcı boksçuları - ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ölkə çempionatında mübarizə aparmayacaqlar. Soltan Migitinov isə "Baku Fires” boks komandasının heyətində Meksikaya yollandığından yarışa qatıla bilməyəcək.
Ötən il Qazaxıstanda dünya çempionu olmuş Cavid Çələbiyev, Avropa çempionatının bürünc mükafatçıları Elvin Məmişzadə, Salman Əlizadə, son dünya çempionatının iştirakçıları Pərviz Bağırov, Elvin İsayev və Rauf Rəhimov ölkə çempionatında iştirak edəcəklər.
Dünya Boks Seriyası (WSB) Liqası yarışlarında mübarizə aparan "Baku Fires” klubunun 11 üzvü də Azərbaycan çempionatında gücünü sınayacaq. Onların arasında London-2012 Olimpiadasının iştirakçısı Məhəmməd Abdulhəmidov, WSB liqasında 13 döyüşün 10-da qalib gəlmiş Xaybulla Musalov və Abdulqadir Abdullayev daha tanınmışlarıdır.
Qeyd edək ki, Azərbaycan çempionatı ilk dəfə olaraq baş geyimi olmadan keçirilir.