Yanvarın 31-də Meksikanın paytaxtı Mexiko şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunun döyüşlərində Meksikanın "Mexico Guerreros” və Azərbaycanın "Baku Fires” komandaları qarşılaşacaqlar.
Meydan sahibləri 6 turdan sonra cəmi 2 xal toplayaraq, qrupda 5-ci yeri tuturlar. "Baku Fires” isə 10 xalla 4-cü pillədədir. Qeyd edək ki, komandaların Quba Olimpiya Kompleksində keçirilən görüşündə komandamız rəqibi 5:0 hesabı ilə məğlub etmişdi.
Komandaların heyətləri artıq məlumdur:
Mexico Guerreros - Baku Fires
49 kq. Jozelito Altamirano - Məhəmməd İbiyev
56 kq. Brayan Qonsales Morales - Qairbek Qermaxanov
64 kq. Juan Romero - Salman İbrahimov
75 kq. Enri Saavedra Pinto - Soltan Migitinov
91 kq. Efetobor Apoçi - Vladimir Keleş
Bu dəfə komandamızın heyətində 20 yaşlı Salman İbrahimov debüt edəcək. Maraqlıdır ki, meksikalıların ən təcrübəli, güclü boksçusu məhz İbrahimovla qarşılaşacaq. Liqada 15 döyüş keçirən meksikalı Juan Romero bunların 10-u qələbə ilə başa vurub. O, 2012-ci ildə WSB-nin fərdi yarışlarının qalibi olub.
Milli komandamızın üzvü Soltan Migitinov Meksikaya yollandığından ölkə çempionatında iştirak edə bilmir. Cari mövsümdə ilk döyüşünə çıxacaq London Olimpiadasının iştirakçısı venesuelalı Pinto ilə üz-üzə gələcək. Qeyd edək ki, bu dəfə meksikalıların heyətində 2 legioner rinqə çıxacaq. Pintodan başqa nigeriyalı Apoçi də "Baku Fires”in moldovalı boksçusu Vladimir Keleşin rəqibi olacaq. Keleş bu mövsüm ilk döyüşünü keçirəcək.
Turnir cədvəli:
1. "Coba Domaderos” - 18 xal, (6 görüş)
2. "Astana Arlans” - 13, (6)
3. Rusiya - 13, (6)
4. "Baku Fires” - 10, (6)
5. "Mexico Gurerreros” - 2, (6)
6. "Hussars Poland” - 1, (6)
Bu həftə "B” qrupunda daha 2 görüş baş tutacaq. "Cuba Domaderos” doğma divarlar arasında "Hussars Poland”ı qəbul edəcək. Turun mərkəzi görüşü isə Almatıda "Astana Arlans”la Rusiya boksçuları arasında olacaq.