Azərbaycan ilk dəfə olaraq məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Bu tarixi hadisə iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq. Döyüş gecəsi Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyata keçiriləcək.
UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. İmzalanma mərasimi Mayamidə keçirilib.
Dana Uayt bildirib ki, Azərbaycan və Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük bir tarixə sahibdir: "Bizim bu regiondan çıxan çoxlu sayda güclü idmançımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. 21 iyun tarixində Bakıda keçiriləcək ilk tədbiri səbirsizliklə gözləyirəm”.
Fərid Qayıbov UFC turnirinin Bakıda keçirilməsinin Azərbaycanın regional idman lideri olma yolunda atılan mühüm bir addım olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin idman siyasəti sayəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır və UFC ilə əməkdaşlıq bu mövqeyi daha da gücləndirəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev isə bu tədbirin Azərbaycanın qlobal idman nüfuzunu artıracağını və Bakını beynəlxalq idman mərkəzinə çevirmək istiqamətində atılmış mühüm bir addım olduğunu bildirib.
"Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik”, - deyə M.Fərzullayev qeyd edib.
Tədbirin əsas döyüşündə yarım ağır çəkidə keçmiş UFC çempionu və hazırda 4-cü yerdəki namizəd Camal Hill 7-ci pillədəki Xəlil Raundtri Jr ilə qarşılaşacaq.
Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ) UFC-də 2025-ci ildə ikinci döyüşünə çıxacaq. O, “Dana White’s Contender Series” vasitəsilə UFC çempionluğuna gedən ilk idmançıdır.
Xəlil Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 nəticəsiz; ABŞ) isə sonuncu dəfə UFC 307-də Aleks Pereyra ilə qarşılaşıb. O, 13 qələbəsindən 9-nu nokautla qazanıb.
Gecədə həmçinin digər maraqlı döyüşlər də yer alacaq. Onlardan biri də Kyoji Xoriquçinin UFC-yə qayıdışıdır. O, UFC tarixində ilk yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun rəqibi ən yüngül çəki reytinqində 10-cu yerdə olan Təğir Ulanbekov olacaq. T.Ulanbekov döyüşə Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır.
Ağır çəki döyüşündə reytinqin 5-ci pilləsindəki Kördis Bleyds UFC debütü edən Rizvan Kunievlə qarşılaşacaq. Kuniev UFC-də adını təsdiqləməyi planlaşdırır.
Turnirin proqramında yer alan digər döyüşlər aşağıdakılardır:
İsmayıl Naurdiyev (Mərakeş) – Çunyonq Park (Cənubi Koreya) – orta çəki
Hamdi Abdelvahab (ABŞ–Misir) – Məhəmməd Usman (ABŞ) – ağır çəki
İrina Alekseyeva (Rusiya) – Klaudiya Siqula (Polşa) – bantam çəki
Darya Jeleznyakova (Fransa–Rusiya) – Melisa Mallins (İngiltərə) – bantam çəki.