Bakıda ilk dəfə keçiriləcək UFC döyüş gecəsi üçün bilet satışı başladı

Bakıda ilk dəfə keçiriləcək UFC döyüş gecəsi üçün bilet satışı başladı

Azərbaycanda ilk dəfə keçiriləcək UFC (Ultimate Fighting Championship) döyüş gecəsi üçün biletlərin satışına start verilib.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən bildirilib ki, biletləri iticket.az platforması üzərindən əldə etmək mümkündür. Turnir Gənclər və İdman Nazirliyi, BŞH Əməliyyat Şirkətinin təşkilatçılığı ilə həyata keçilir.

BŞH-nin baş direktoru Maqsud Fərzullayev qeyd edib ki, UFC-nin Bakıya gəlişi Azərbaycanın idman tarixində yeni bir səhifə açır: “Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir. UFC ilə tərəfdaşlıq ölkəmizin illərdir idman sahəsindəki dinamik inkişafının, ölkə rəhbərliyinin uğurlu idman siyasətinin məntiqi davamıdır”.

M.Fərzullayev, həmçinin turnirin təşkili prosesində dəstəyini əsirgəməyən bütün tərəfdaş və sponsorlara təşəkkürünü bildirib.

Baş direktor ölkənin qarşıda daha bir mötəbər tədbirə - Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcəyini də vurğulayıb. “Yarışa 5 aydan az zaman qalıb. Hazırlıq sürətlə davam edir, nəticələr gözlənildiyindən daha yüksəkdir. Bilet alan azarkeşlərin 80 faizdən çoxunu xarici vətəndaşlar təşkil edir”.

Qeyd edək ki, UFC-nin 700 milyondan çox azarkeşi və 300 milyona yaxın sosial media izləyicisi var. Turnirlər 170-dən artıq ölkədə yayımlanır.