Bu təhsil kursları VƏTƏNDAŞLARI ALDADIR - XƏBƏRDARLIQ

Bu təhsil kursları VƏTƏNDAŞLARI ALDADIR - XƏBƏRDARLIQ

‘’Azərbaycanda son illər təhsil bazarında fəaliyyət göstərən hazırlıq kurslarının və tədris mərkəzlərinin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Bu artım bir tərəfdən cəmiyyətin təhsilə olan tələbatının göstəricisidirsə, digər tərəfdən hüquqi tənzimləmə və keyfiyyət təminatı baxımından ciddi problemlərin də xəbərçisidir’’.
"Olimpnews.az" xəbər verir ki, bu sözləri "Ajans.az"-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, qeyri-dövlət təhsil sektorunda hüquqi çərçivənin tətbiqi praktikada ciddi şəkildə pozulur:
‘’ Bu da vətəndaşların, xüsusilə də abituriyent və valideynlərin aldanması hallarının artmasına gətirib çıxarır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsinə əsasən, qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyəti lisenziya əsasında həyata keçirilməlidir. Eyni zamanda, 31-ci maddəyə görə, lisenziya olmadan fəaliyyət göstərən təhsil müəssisələri qanunsuz sayılır və onların fəaliyyəti dayandırılmalıdır. Ancaq hazırda ölkədə fəaliyyət göstərən minlərlə tədris kursu və hazırlıq mərkəzinin əksəriyyəti ya ümumiyyətlə lisenziyasız fəaliyyət göstərir, ya da “fərdi müəllim” adı altında hüquqi məsuliyyətdən yayınıb fəaliyyətlərini davam etdirirlər.

Dövlət Statistika Komitəsinin 2024-cü ilin sonunda yaydığı məlumatlara görə, qeyri-dövlət sektorda təhsil fəaliyyəti ilə məşğul olan subyektlərin yalnız 22%-i rəsmi şəkildə qeydiyyatdan keçmiş və lisenziya almış qurumlardır. Bu o deməkdir ki, hər beş kursdan dördü qeyri-qanuni və qeyri-şəffaf şəraitdə fəaliyyət göstərir. Lisenziyasız fəaliyyət göstərən kurslarda keyfiyyət göstəriciləri adətən çox aşağı olur. Bu cür kurslar nə müəllimlərin ixtisasına, nə tədris proqramlarının uyğunluğuna, nə də təhlükəsizlik və sanitariya normalarına riayət olunmasına zəmanət verir. Eyni zamanda, bu mərkəzlərdə tədris nəticələrinin monitorinqi, qiymətləndirmə mexanizmi və tədris prosesinə dair hesabatlılıq sistemi mövcud deyil. Nəticədə, bu kurslarda iştirak edən vətəndaşlar xidmətin keyfiyyətsizliyindən əziyyət çəksələr belə, heç bir hüquqi müdafiə mexanizminə malik olmurlar. Müqavilə bağlanmır, ödənişlər qəbzsiz qəbul olunur və mübahisə yarandıqda kursun məsuliyyət daşıması mümkün olmur.
Beynəlxalq təcrübə göstərir ki, müasir dövlətlərdə əlavə təhsil və hazırlıq kursları ciddi şəkildə tənzimlənir. Məsələn, Almaniyada bu sahə federal və əyalət qanunları ilə tənzimlənir, hər bir hazırlıq mərkəzi qeydiyyatdan keçməli, illik hesabatlar təqdim etməli, təlim proqramları isə dövlətin müəyyən etdiyi kurikulum çərçivəsində həyata keçirilməlidir. Finlandiyada isə bu cür kurslara icazə verilməzdən əvvəl pedaqoji heyətin kvalifikasiyası və tədris mühiti dövlət qurumları tərəfindən yoxlanılır. Hətta, qonşu Gürcüstanda belə, Təhsil və Elm Nazirliyi tərəfindən qeyri-dövlət təhsil qurumlarına dair vahid reyestr sistemi tətbiq olunur ki, burada vətəndaşlar açıq şəkildə kursun statusunu, müəllim heyətini və proqramını yoxlaya bilirlər’’.Ekspert vurğulayıb ki, Azərbaycanda bu sahədə monitorinq və ictimai məlumatlandırma mexanizmi tamamilə yetərsizdir: ‘’Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş lisenziyalı kursların vahid reyestri ictimaiyyətə əlçatan deyil, reydlər mütəmadi şəkildə keçirilmir, mediada bu sahəyə dair xəbərdarlıqlar az yayılır. Belə bir şəraitdə kurs sahibləri istədikləri kimi fəaliyyət göstərir, istənilən ad altında fırıldaqçılıq edərək vətəndaşları aldatmaq üçün zəmin tapırlar. Xüsusilə “xaricdə təhsil” adı altında fəaliyyət göstərən bəzi qurumlar məsələn, “Pilgrim Education”, “ABC Təhsil Mərkəzi” və başqaları birbaşa vətəndaşların pullarını mənimsəyir. Nəticədə onlar hüquqi yolla haqlarını tələb edə bilmirlər, çünki ortada nə müqavilə, nə qeydiyyat, nə də lisenziya var. Müsbət cəhət ondan ibarətdir ki, cəmiyyətin təhsilə marağı yüksəkdir. Bu müstəqil təşəbbüslərə geniş imkanlar yaradır. Xüsusilə gənc müəllimlərin özəl sektorda məşğulluğunun artması, innovativ tədris metodlarının inkişafı, fərdi yanaşma imkanları baxımından hazırlıq kurslarının potensialı böyükdür. Amma bu potensial yalnız zamanında tənzimlənərsə, faydalı nəticə verə bilər. Əks halda, vətəndaşların narazılığı artacaq, təhsil sahəsinə olan inam zəifləyəcək və tədrisin keyfiyyəti daha da bərbad vəziyyətə düşəcək. Bunun qarşısını almaq üçün bir sıra dəyişikliklər zəruridir. Əvvəla, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə monitorinq sistemi yaratmalı, bu sahədə fəaliyyət göstərən kurslara qarşı cərimə və bağlanma sanksiyalarını tətbiq etməlidir. Lisenziyasız fəaliyyətə görə Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) və İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə inzibati məsuliyyət və maliyyə sanksiyaları tətbiq olunmalıdır. Bununla yanaşı, kurslar üzrə vahid informasiya bazası yaradılmalı, ictimaiyyət bu sistem üzərindən kursların statusunu yoxlaya bilməlidir. Əgər bu sahədə hüquqi çərçivə bərpa olunmasa, “tədris xidməti” adı altında aldadılan vətəndaşların sayı artacaq. Xüsusilə də regionlarda fəaliyyət göstərən kurslar tam nəzarətsiz qalacaq. Təhsil bazarında keyfiyyət fərqi artdıqca, təhsildə sosial bərabərlik prinsipi pozulacaq. Buna görə də məsələ təkcə qanun pozuntusu deyil, həm də təhsil siyasətində bərabərlik, şəffaflıq və sosial ədalət prinsipinin qorunması məsələsidir’’.

Bu təhsil kursları VƏTƏNDAŞLARI ALDADIR - XƏBƏRDARLIQ