Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçirilir.
Bu barədə "Olimpnews.az" Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən birgə təşkil olunan yarışda 17 komanda 4 qrupda mübarizə aparır.
Mayın 10-u ümummilli liderin doğum günündə yarışın rəsmi açılış mərasimi reallaşıb. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan tədbirdə əvvəlcə dünya şöhrətli siyasətçi Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov dahi rəhbər Heydər Əliyevin Azərbaycanda idmanın yüksəlişi və gələcək inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov çıxışlarında Naxçıvan idmanında əldə olunan uğurlar və yarışın əhəmiyyəti ilə bağlı fikirlər də səsləndiriblər. Qeyd olunub ki, Heydər Əliyev dühası müasir Azərbaycanın və xalqımızın taleyində böyük iz buraxmış şəxsiyyətdir, onun siyasi xətti və ideyaları və bu gün ölkəmizə mənəvi işıq tutur.
Mərasimin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri günə özəl mahnılar səsləndirblər, karateçilərin nümunəvi çıxışları izlənilib.
Sonra Ali Məclis və Səhiyyə Nazirliyini təmsil edən komandalar arasında görüşlə mübarizəyə start verilib.
Qeyd edək ki, Oyunlar hər həftənin şənbə günləri keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.