Qaxda yeni cüdo zalı fəaliyyətə başlayıb

Qaxda yeni cüdo zalı fəaliyyətə başlayıb

Mayın 16-da Qax şəhər stadionunun ərazisində cüdo zalı fəaliyyətə başlayıb. 
Bu barədə Olimpnews.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib. 
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər. 
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Zalda 150-dən çox idmançı cüdo ilə məşğul olacaq.
Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022-2025-ci illərdə ACF Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad və Tərtərdə cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, 2022-ci ildən etibarən Bakı və regionlardakı 115 idman zalına federasiya tərəfindən 9500 ədədə qədər tatami verilib və 1900 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

Qaxda yeni cüdo zalı fəaliyyətə başlayıb