Astara şəhər Ceyhun Babayev adına 3 saylı və şəhər Fərman Əliyarov adına 6 saylı tam orta məktəblərdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə cüdo idman növünün inkişafına həsr olunmuş görüş keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirə qatılan Azərbaycan Cüdo Federasiyasının cənub regionu üzrə nümayəndəsi, Cüdo üzrə Lənkəran və Astara rayonları üzrə baş məşqçi, dünya çempionu, idman ustası Zaur Məmmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, hər iki təhsil ocağının rəhbərləri məktəblilər qarşısında çıxış ediblər.
Natiqlər bildiriblər ki, ölkə başçısının tapşırığına uyğun olaraq respublikanın bütün regionlarında idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, gənc nəslin sağlam həyat tərzi və idmana yönləndirilməsi sahəsində mütəmadi olaraq tədbirlər görülür, eləcə də cüdo zallarının istifadəyə verilməsinə, qrupların yaradılmasına xüsusi diqqət ayrılır.
17 mart 2025-ci il tarixdə Astara Olimpiya İdman Kompleksinin nəzdində cüdo zalının açılışı keçirildi. Cüdo zalları Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatami, soyunub – geyinmə otaqları, istilik sistemi və digər zəruri avadanlıqlarla təchiz edilib. İndiki tədbirin təşkili məhz həmin zalda təlimlərin mütəmadi keçirilməsi məqsədilə həvəskar gənclərin bu qruplara yönəldilməsi, fəal təbliğat işinin aparılması məqsədini daşıyır.
80 nəfərin iştirak etdiyi tədbirdə cüdo idmanında Lənkəran və Astara rayonu üzrə baş məşqçi Zaur Məmmədovun rəhbərliyi altında idmançıların nümunəvi çıxışları nümayiş olunub.
Cüdo idman növünün inkişafına həsr olunmuş tədbir keçirilib
