Cüdo yığmamızdan Ermənistan komandası üzərində qürurverici qələbə 

Cüdo yığmamızdan Ermənistan komandası üzərində qürurverici qələbə 

Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə və hərbi qurumlar arasında keçirilən XIX beynəlxalq cüdo turnirində Azərbaycan idmançıları uğurla çıxış edirlər.
9 ölkədən 100-dən çox cüdoçunun iştirak etdiyi nüfuzlu yarışda ölkəmiz iki komanda - Sərhəd Qoşunları və Fövqəladə Hallar Nazirliyinin cüdoçuları ilə təmsil olunur. Azərbaycan turnirdə ümumilikdə 13 idmançı ilə mübarizə aparır. 
Sərhəd Qoşunları komandasının heyətində çıxış edən idmançılar arasında “Judo Club 2012”nin üç üzvü - Eldar Qasımov (81 kq), Rövşən Bağırov (90 kq) və Zaur Bağırov (+100 kq) da yer alıb. 
Millimizin üzvü, “Judo Club 2012”nin təmsilçisi Eldar Qasımovun verdiyi məlumata görə, komandamız turnirə 1/8 final mərhələsindən start verib və ilk qarşılaşmada Qazaxıstan təmsilçilərinə 4:1 hesabı ilə qalib gəlib.
Növbəti mərhələdə cüdoçularımız Ermənistan yığması ilə üz-üzə gəlib. Azərbaycan cüdoçuları tatamidə əsl döyüş ruhu nümayiş etdirərək erməni rəqiblərinə heç bir şans verməyiblər. Bu dəfə də eyni hesabla (4:1) qələbə qazanan cüdoçularımız adını yarımfinala yazdırıblar. Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji turnirdə də Azərbaycan komandası erməni rəqibləri üzərində qələbə qazanmışdı.
Komandamız yarımfinalda Özbəkistan cüdoçularına məğlub olaraq üçüncü yer uğrunda görüşəcək. 
Qeyd edək ki, Sərhəd Qoşunları komandasının heyətində Sadıq Məhərrəmov (66 kq), Nadir Babayev (73 kq), Eldar Qasımov, Mehman Sadıqov (hər ikisi 81 kq), Afiq Səfərli, Rövşən Bağırov (hər ikisi 90 kq) və Zaur Bağırov (+100 kq) çıxış edirlər. 
Turnir “Polis, Ordu və Digər Güc Strukturları arasında beynəlxalq cüdo turniri” adı ilə tanınır. Hər il Moskvada keçirilən yarış hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin möhkəmləndirilməsini, eləcə də cüdonun bu strukturlarda inkişafı məqsədini daşıyır.
Qeyd edək ki, baş məşqçi Mübariz Cəfərovun rəhbərliyi altında yarışda iştirak edən komandamızın nümayəndəsi Moskvada ölkəmizi təmsil edən Əli Əlibəylidir.