İyunun 13-20-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.
Milli komandamızın üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Laslo Papp İdman Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr iyunun 13-dən 19-dək, qarışıq komanda yarışı isə iyunun 20-də keçiriləcək.
Komandamız kişilərin yarışında Əhməd Yusifov (-60 kq), Ruslan Paşayev (-66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi -73 kq), Zelim Tçkayev (-81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi -90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) ilə mübarizə aparacaq.
Qadınların yarışında isə Leyla Əliyeva, Könül Əliyeva (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq) və Fidan Əlizadə (-57 kq) qüvvəsini sınayacaq.
Aytac Qardaşxanlı və Günel Həsənli (-70 kq) isə qarışıq komanda yarışında bacarıqlarını göstərəcək.
Cüdo millimizin dünya çempionatı üçün heyəti açıqlandı
