Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə III Baş Assambleya və Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Assambleya zamanı federasiyanın fəaliyyət dairəsi daha da genişləndirilib.
Belə ki, təşkilata 12 yeni ölkə - Boliviya, Braziliya, Kolumbiya, Kosta Rika, Meksika, Misir, Niger, Peru, Rumıniya, Sudan, Tailand və Yeni Zelandiya üzv qəbul olunub.
Tədbirdə qarşıdakı kontinental çempionatların tarixləri və məkanları da açıqlanıb. Çövkən üzrə Asiya çempionatı sentyabrın əvvəlində Özbəkistanda, Afrika çempionatı sentyabrın sonunda Nigeriyada, Cənubi Amerika çempionatı isə noyabrın sonunda Argentinada keçiriləcək.
Assambleyada çıxış edən Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev Azərbaycanda bu qədim milli oyuna dövlət səviyyəsində göstərilən diqqət və dəstəyi xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu sahənin inkişafında Prezident İlham Əliyevin yaratdığı imkanlar çövkənin beynəlxalq arenada tanınmasında və yayılmasında nümunəvi modelə çevrilib.
Assambleya çərçivəsində iyunun 5–8-də Polşada təşkil olunacaq çövkən üzrə Avropa çempionatının püşkatma mərasimi də baş tutub. Püşkatmanın nəticələrinə əsasən, Polşa Macarıstanla, Azərbaycan Türkiyə ilə, Malta isə Böyük Britaniya ilə üz-üzə gələcək.
Qitə çempionatının açılış oyunu bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.