İyunun 3-4-də Özbəkistanın paytaxtı Daşkənddə “V Regional Rəqəmsal Kommunikasiya və Sosial Media Seminarı” (DCSMS V) keçirilib.
Olimpnews.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi və Asiya Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) ilə birgə Özbəkistan Milli Olimpiya Komitəsinin ev sahibliyi, Olimpiya Həmrəyliyi proqramının dəstəyi və Asiya Olimpiya Şurasının Kommunikasiya və Marketinq komandası ilə əməkdaşlıq çərçivəsində təşkil olunan seminara uğurla yekun vurulub.
Seminarda Avropa və Asiyanın 15 ölkəsini təmsil edən Olimpiya komitələrinin rəqəmsal kommunikasiya və marketinq üzrə nümayəndələri iştirak edib. Tədbirin əsas müzakirə mövzularından biri süni intellekt texnologiyalarının idman kommunikasiyasına inteqrasiyası olub. Bu mövzuda ANOC-un tərəfdaş qurumu olan “Data North” şirkəti tərəfindən praktiki workshop təşkil edilib.
Seminar zamanı müxtəlif ölkələrin nümayəndələri tərəfindən kommunikasiya strategiyaları üzrə təqdimatlar keçirilib, beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və innovativ yanaşmalar müzakirə olunub.
Seminarın yekun günündə iştirakçılar Özbəkistan Milli Olimpiya Komitəsində rəsmi səfərdə olan Komitənin Baş katibi cənab Oybek Kasımov tərəfindən sertifikatlarla təltif olunubar. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti adından Komitəyə milli xalça təqdim edilib.
V Regional Rəqəmsal Kommunikasiya və Sosial Media Seminarı uğurla yekunlaşdı










