Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un iyunun 12-də keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib.
MOK-un vitse-prezidenti İcraiyyə Komitəsinin iclasının yekunları ilə bağlı fikirlərini bölüşüb: "Bakıda keçirilmiş Avropa Oyunlarının 10 illiyi ilə əlaqədar Avropa Olimpiya Komitəsi ilə bərabər "Süni intellekt və İdmanda İnnovasiya" mövzusunda beynəlxalq müsabiqə elan etmişik. Dünyanın hər bir yerindən istənilən şəxs bu müsabiqəyə qoşula bilər. Biz İcraiyyə Komitəsinin iclasında 5 nəfərlik münsiflər heyətini təsdiq etdik. Heyətə İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Viktoriya Kabezas, Türkiyə Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Volkan Öner, I Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva, qızıl mükafatçısı Rəsul Çunayev və MOK-un nümayəndəsi Mehman Kərimov daxildir. Qeyd edim ki, Türkiyə nümayəndəsinin münsiflər heyətinə cəlb olunması təsadüfi deyil. Çünki, həmin ölkə növbəti Avropa Oyunlarına ev sahibliyini öz üzərinə götürüb.”
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, EYOF-2025 Avropa Gənclər Olimpiya Festivalına hazırlıq, Olimpiya Gününün keçirilməsi və cari məsələlər də müzakirə mövzusu olub.