Samir Hüseynov: "Regionlarda boks infrastrukturunun inkişaf etdirilməsi federasiyamızın əsas istiqamətlərindən biridir"

Samir Hüseynov: "Regionlarda boks infrastrukturunun inkişaf etdirilməsi federasiyamızın əsas istiqamətlərindən biridir"

"Sumqayıtdan sonra, Lənkəranda da belə möhtəşəm mərkəzin açılışı bu bölgədə boksun inkişafına təkan verəcək". 
Bu sözləri Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. 
Federasiya rəsmisi cənub zonasında Boks mərkəzinin açılmasının Azərbaycan Boks Federasiyasının strateji planlarından biri olduğunu qeyd edib.  
"Regionlarda boks infrastrukturunun inkişaf etdirilməsi federasiyamızın əsas istiqamətlərindən biridir. Bu gün 2.5 hektarlıq ərazidə böyük infrastrukturun yaradılması bölgədə boksun inkişafına təkan verəcək. Burada həmçinin idmançıların mərkəzdə qalıb, təlim-məşq toplanışı keçməsi üçün yataqxananın tikilməsi də nəzərdə tutulub. Həmçinin bu bölgədə zona yarışlarının təşkili və dünyanın müxtəlif ölkələrindən mütəxəssislər cəlb edərək bölgədə olan məşqçilərə təlimlərin keçirilməsi də əsas məqsədlərimizdən biridir.  Cənub zonasında həqiqətən də çox perspektivli və güclü boksçular var. Sadəcə olaraq bu günə qədər infrastrukturun olmaması müəyyən çətinliklər yaratmışdı. Hesab edirəm ki, əvvəllər də olduğu kimi, qısa müddət ərzində bu bölgədən ölkəmizin bayrağını yüksəklərə qaldıran idmançılar çıxacaq. Bundan sonra da bu bölgədə - Astarada və Masallıda boks zallarının açılmasını həyata keçirəcəyik", - deyə Samir Hüseynov bildirib.