"Mançester Siti" gözlənilmədən klublararası dünya çempionatında mübarizəni dayandırdı 

"Mançester Siti" gözlənilmədən klublararası dünya çempionatında mübarizəni dayandırdı 

İngiltərənin "Mançester Siti" klubu klublararası dünya çempionatında mübarizəni dayandırıb. 
Olimpnews.az xəbər verir ki, turnirin favoritlərindən olan "şəhərlilər" 1/8 finalda gözlənilmədən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məğlub olaraq yarışla vidalaşıb. 
Xosep Quardiolanın komandası "Campinq World Stadium"da keçirilən oyundan 4:3 hesablı məğlubiyyətlə ayrılıb. 
Oyunda hesab 9-cu dəqiqədə "Mançester Siti"nin futbolçusu  Bernardo Silvanın qolu sayəsində açılıb. Lakin ikinci hissənin əvvəllərində - 46-cı dəqiqədə Markos Leanardo bərabərlik qolunu vurub. 6 dəqiqə sonra Malkom "Əl-Hilal"ı hesabda önə çıxarıb. Ərəblərin sevinci üç dəqiqə çəkib. Erlinq Haland 55-ci dəqiqədə hesabda tarazlığı bərpa edib. Oyunun əsas vaxtı bu hesabla başa çatdığından matçda əlavə vaxt oynanılıb. Burada "Əl-Hilal" klubu 94-cü dəqiqədə yenidən komandasını hesabda önə çıxarıb. Kulibali fərqlənib. Lakin 104-cü dəqiqədə Fil Foden növbəti dəfə hesabda tarazlığı bərpa edib. Gərgin və dramatik məcrada keçən oyunda son qolun müəllifi Markos Leanardo olub. Beləliklə, "Əl-Hilal" klubu 4:3 hesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb. Səudiyyə Ərəbistanının bu mərhələdəki rəqibi Braziliyanın "Fluminense" klubu olacaq.