Azərbaycanın daha iki boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.
Bu barədə Olimpnews.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aquera (Dominikan Respublikası) ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel du Nasimento ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə qazaxıstanlı Albek Oralbayla üz-üzə gələcək.
Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Sanjar Taşkenbayı sınağa çəkəcək.
Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Azərbaycan boksçuları final uğrunda görüşə iyulun 5-də çıxacaqlar.