Klublararası dünya çempionatı: bu gün 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək 

Klublararası dünya çempionatı: bu gün 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək 

Bu gün ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final mərhələsinin daha üç oyunu keçiriləcək. 
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu Braziliyanın "Palmeyras" və İngiltərənin "Çelsi" klubları üz-üzə gələcək. ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən Linkoln Finansial Field stadionunda keçiriləcək oyuna Bakı vaxtı saat 05:00-da start veriləcək. "Palmeyras" 1/8 finalda digər Braziliya təmsilçisi "Botofoqo" klubuna 1:0, "Çelsi" isə Portuqaliyanın "Benfika" komandasına 4:1 hesabı ilə qalib gəlib. 
Günün digər oyununda isə Fransanın PSJ və Almaniyanın "Bayern Münhen" klubları qarşılaşacaq. 
Avropa təmsilçilərinin mübarizəsinə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyun Corciya ştatında yerləşən "Mersedes-Benz Stadium"da keçiriləcək. PSJ 1/8 finalda ABŞ-ın "İnter Mayami" komandasına 4:0, Almaniya təmsilçisi Brazilyanın "Flamenqo" klubuna 4:2 hesabı ilə qalib gəlib. 
Günün sonunda isə Madridin "Real" və Dortmundunun "Borussiya" klubları üz-üzə gələcək. Bakı vaxtı ilə 00:00-da start götürəcək oyun Nyu-Cersidəki "Metlayf stadium"da keçiriləcək. "Real" 1/8 finalda İtaliyanın "Yuventus" klubuna 1:0, Almaniya təmsilçisi isə Meksikanın "Monterrey" komandasına 2:1 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.