Emin İskəndərov: “İnanıram ki, bu dəfə də cüdoçularımızın uğurlu ənənəsi davam edəcək”

Emin İskəndərov: “İnanıram ki, bu dəfə də cüdoçularımızın uğurlu ənənəsi davam edəcək”

İyulun 22-də Şimali Makedoniyanın Skopye şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarına start veriləcək. Beş gün davam edəcək yarışda 44 ölkədən 341 (184 oğlan, 157 qız) idmançı qüvvəsini sınayacaq. Azərbaycan komandası festivalda 12 çəki dərəcəsində 6 oğlan və 6 qız idmançı ilə mübarizə aparacaq. Artıq komandamız hazırlıq prosesini yekunlaşdırmaq üzrədir. Yeniyetmə oğlanlardan ibarət cüdo yığmasının baş məşqçisi Emin İskəndərov Olimpews.az saytına müsahibəsində komandanın son durumu və heyətdəki dəyişikliklər barədə məlumat verib. Baş məşqçi qeyd edib ki, idmançılar yarışa tam hazırdır və qarşıya qoyulan əsas məqsəd uğurla çıxış edərək Vətənə yüksək nəticələrlə qayıtmaqdır. 
“Skopyedəki Avropa çempionatı həqiqətən də gərginliyi ilə yadda qaldı. Rusiya, Gürcüstan və Fransa cüdoçularının turnirdə iştirakı yarışın səviyyəsini daha da artırdı. Eyni idmançıların EYOF-da da iştirak edəcəyini nəzərə alsaq, festivalın ab-havasının daha da gərgin olacağını söyləmək olar. Amma komandamız uğur qazanmaq üçün federasiya tərəfindən hər cür şəraitlə təmin olunub. Yığmamız təlim-məşq toplanışları və müxtəlif yarışlarda iştirak edib. Tarixə nəzər salsaq görərik ki, cüdoçularımız hər zaman Olimpiya festivallarında uğurla çıxış edərək Vətənə medallarla qayıdıblar. İnanıram ki, bu dəfə də cüdoçularımızın uğurlu ənənəsi davam edəcək”, - deyə baş məşqçi bildirib.
Emin İskəndərov festivalda Azərbaycan yığmasının heyətinəki dəyişikliklərdən də danışıb. Onun sözlərinə görə, Avropa çempionu olan iki cüdoçumuz bu yarışda da tatami üzərinə çıxacaq:
“Yeniyetmələr arasında Avropa çempionatında üç qızıl medal qazandıq. Həmin yarışda iştirak edən idmançılarımızın böyük hissəsi bu yarışda da qüvvəsini sınayacaq. Ümumilikdə, oğlanlar arasında 6 çəki dərəcəsində 6 idmançımız tatami üzərinə çıxacaq. Heyətdə müəyyən dəyişikliklər var. Əsas dəyişikliklər -50, -66, -81 və -90 kq çəki dərəcələri ilə bağlıdır. Avropa çempionatından fərqli olaraq bu dəfə -50 kq çəkidə Rza Xəlilli, -90 kq-da isə ötən ilin Avropa mükafatçısı Sübhan Axundov heyədə daxil edilib. -66 və -81 kq çəki dərəcələrində isə yerdəyişmə etmişik. Belə ki, qitə çempionatından fərqli olaraq bu dəfə -66 kq çəkidə deyil, -81 kq çəkidə iştirak edən cüdoçumuz tatami üzərinə çıxacaq. Yəni bu yarışda Əli Hümbətovun (-66 kq) əvəzinə -81 kq çəki dərəcəsində mübarizə aparan Amil Mehdiyev festival üçün Skopye şəhərinə aparılacaq. Komandamız bu mötəbər yarışa tam motivasiya ilə yollanacaq. EYOF-da sərgilənəcək nəticələr həm bu yaş qrupunun inkişafına, həm də gələcək böyük yarışlar üçün ciddi zəmin yaradacaq”, - deyə Emin İskəndərov bildirib.
Qeyd edək ki, festivalın cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində yerləşən Yan Sandanski İdman Mərkəzinin qapalı zalında təşkil olunacaq. 

Azər Əlizadə