Şimali Makedoniyada iki, Xorvatiyada isə bir şəhər avropalı idmançıları salamlayacaq - II hissə

Şimali Makedoniyada iki, Xorvatiyada isə bir şəhər avropalı idmançıları salamlayacaq - II hissə

Əvvəli Şimali Makedoniyada iki, Xorvatiyada isə bir şəhər avropalı idmançıları salamlayacaq adlı məqalədə.  

Xəbər verdiyimiz kimi, Şimali Makedoniyanın iki şəhəri - Skopye və Kumanovo XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edəcək. Bundan başqa Xorvatiyanın Osiek şəhəri də gənc idmançıların budəfəki yarış meydanına çevriləcək. Bu şəhərdə idman gimnastları medallar uğrunda mübarizə aparacaqlar.

Olimpnews.az saytı bu dəfə festivalın keçiriləcəyi daha üç məkan  - Kumanovo idman zalı, Pero Nakov adına orta məktəb və Matka İdman Mərkəzi haqqında məlumatları oxuculara təqdim edir.  

Kumanovo idman zalı

Kumanovoda yerləşən 6500 nəfərlik idman zalı Şimali Makedoniyanın ən böyük qapalı idman arenası hesab olunur. 1980-ci ildə tikilmiş bu arenada illərdən bəri müntəzəm olaraq basketbol, futzal, həndbol, voleybol və boks yarışları təşkil olunur. Kumanovka çayı boyunca idman və istirahət zonasında yerləşən zalla yanaşı, açıq idman meydançaları da mövcuddur. EYOF-2025-də qitənin ən güclü oğlan basketbolçuları arasında qalib komanda məhz bu məkanda müəyyənləşəcək.

Pero Nakov adına orta məktəb

Bu arena EYOF-2025-də basketbolçu qızların mübarizəsi üçün yarışların keçiriləcəyi məkan sayılır. “Oktomvriska” bulvarından bir qədər kənarda yerləşən orta məktəbin ərazisində üzgüçülük hovuzu, tennis kortları və futbol meydançaları yerləşir. Təhsil ocağı üçün basketbol yad hesab olunmur.  Belə ki, əvvəllər ölkənin böyüklərdən ibarət komandaları beynəlxalq yarışlar üçün bu zalın imkanlarından yararlanıblar.   


Matka İdman Mərkəzi

Matka Kanyonu Skopye regionunun ən heyrətamiz təbiət məkanlarından biri hesab olunur. Festivalın Təşkilat Komitəsi EYOF 2025-də Treska çayını kanoe slalom yarışı üçün məqsədəuyğun hesab ediblər. Buna qədər həmin məkan 2023-cü ildə kanoe üzrə Avropa çempionatına uğurla ev sahibliyi edib.
 

Anar Əhmədov

Ardı var...