AFFA-nın baş katibi Elxan Məmmədov Topaz Premyer Liqasının XXI turu çərçivəsində keçirilən "Sumqayıt” - "Rəvan” görüşünün fasiləsində jurnalistlərin suallarını cavablandırdı. Baş katib əsas və futzal üzrə yığma komandamızla bağlı bəzi məqamlara aydınlıq gətirdi.
- Buyaxınlarda sizin, PFL prezidenti Ramin Musayev və Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüşünüz keçirildi. Legioner limiti məsələsinin müzakirəsi zamanı ortaq məxrəcə gəldinizmi?
- Bildiyiniz kimi, ötən ilin avqust ayında təşkil olunan AFFA İcraiyyə Komitəsinin iclasında 2014/15-ci illər mövsümü üçün limitin 6+5 sistemi ilə tətbiq edilməsi və 5 yerli futbolçudan 2-sinin 21 yaşadək olmasına dair qərar qəbul olunmuşdu. Lakin klublarımızda çalışan baş məşqçilər bununla bağlı öz fikirlərini bildirərkən, çətinliklər ola biləcəyini, çempionatın səviyyəsinin aşağı düşəcəyini ifadə etmişdilər. Berti Foqts Antalyada klublarımızın təlim-məşq toplanışını izləyən zaman da məşqçilər bu məsələni onunla müzakirə edib, limitə yenidən baxılmasını istəmişdilər. Düşündük ki, iclas keçirsək və məşqçilər orada öz fikirlərini söyləsələr daha yaxşı olar. Çox səmərəli görüş oldu. Ümumi fikrə əsaslanaraq, bir təklif hazırlayırıq və bunu İcraiyyə Komitəsinin növbəti iclasında üzvlərə təqdim edəcəyik. İki təklif olacaq: 6+5 sistemi tətbiq etməklə 5 yerli futbolçudan 2-sinin U-23, 1 nəfərin U-21, bir nəfərin isə U-23 olması. Hazırkı limitə əsasən, klublarda 1 nəfər 21 yaşınadək futbolçunun əsas heyətdə yer alması mütləqdir. Bu isə bir sıra gənc futbolçularımız üçün səmərəlidir. Bunu klubların baş məşqçiləri də təsdiqləyirlər. Əgər limitdə gənclərin əsas heyətdə yer alması nəzərdə tutulmasa, onların kölgədə qalmaq ehtimalı var. Bizim borcumuzdur ki, istedadlı gənc futbolçuların yolunu açaq.
- İclasda növbəti mövsümü üçün Topaz Premyer Liqası iştirakçılarının sayının artırılması müzakirə olundu?
- Xeyr, format dəyişməyəcək. Əvvəlki kimi, çempionatda 10 komanda ilə davam edəcəyik.
- Filippin mətbuatında yoldaşlıq matçı keçirmək üçün təklifin AFFA-dan gəldiyi yazılıb. Nəyə görə məhz bu komanda?
- Biz Avropa, Asiya və Afrikadan olan bəzi komandalara təklif göndərmişdik. Sorğumuzu ilk təsdiqləyən Filippin oldu. Vaxt az olduğundan, risk etmək istəmədik. Onsuz da növbəti rəsmi oyunumuz sentyabr ayında olacaq. Bizim üçün əsas məsələ mayda güclü bir komanda ilə qarşılaşmaqdır. Bu məsələ 2-3 həftəyə dəqiqləşəcək. Böyük ehtimalla, dünya çempionatında iştirak edəcək bir yığma ilə yoldaşlıq oyunu keçirəcəyik. Həmin komandanın adını yaxın vaxtlarda biləcəksiniz.
- Eşitdiyimizə görə, Rusiyanın "Krılya Sovetov” klubunun formasını geyinən həmyerlimiz Emin Mahmudov Azərbaycan yığma komandasında oynamaq istəyir. Bu barədə nə deyə bilərsiniz?
- Bizim seleksiyaçı əməkdaşımız Emin Mahmudovla tez-tez əlaqə saxlayır. Sonuncu dəfə 3 həftə əvvəl onunla təmasda olub. Emin Mahmudov deyib ki, Azərbaycan millisində oynamaq istəyirəm. Ancaq bu elə bir iş deyil ki, futbolçu istəsin, biz də onu dərhal dəvət edək. O, yekun bir qərar verməlidir: Azərbaycan yığmasında oynamaq istəyir, yoxsa Rusiya yığmasında. Bundan sonra biz onu təlim-məşq toplanışına dəvət edərik. Biz də istəyirik ki, Emin Mahmudov Azərbaycan millisində oynasın.
- Futzal üzrə Bakıda təşkil olunacaq "Dördlər finalı”na hazırlıq necə gedir?
- Çox yaxşı. Yüksək səviyyədə bir turnir keçirəcəyik. Püşkatma günü bəllidir - 12 mart. Mərasim "Hilton” hotelində olacaq. Həmin vaxt UEFA nümayəndələri də paytaxtımıza gələcəklər.
- Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silvanın aqibəti necə olacaq?
- Bildiyiniz kimi, o, həm milli komandada, həm də "Araz” klubunda çalışır. Biz düşündük ki, hələlik gözləyək. "Dördlər finalı” başa çatandan sonra bu məsələ müzakirə olunacaq.
Rahib Səmədov