Taekvondo üzrə yığmamız 2013-cü ildə keçiriləcək yarışlarda uğurlar qazanmaq üçün ciddi hazırlıqlara başlayıb. İdmançılarımız ilin əvvəlində böyük heyətlə İranda keçirilən təlim-məşqlərdə iştirak ediblər. Məşqlərdə əsas diqqət komandamızın fiziki, taktiki və döyüş hazırlığına yönəlib. Taekvondoçularımız böyüklərdən ibarət yığmanın məşqçiləri Ələkbər İmaməliyev, Gündüz Abdullayev və Elnur Amanovun rəhbərliyi altında fevralın 3 dən-13-dək İran Taekvondo Akademiyasında keçirilən təlim-məşqlərdə iştirak ediblər. Qadınlardan ibarət yığmanın baş məşqçisi Gündüz Abdullayev müsahibəsində keçirilən təlim-məşqlər barədə ətraflı məlumat verdi.
- Gündüz müəllim, böyüklərdən ibarət milli komandamız son illərdə təlim-məşqlərini əsasən Koreyada keçirirdi. Builki yarışlara hazırlıq məqsədilə əsasən İran İslam Respulikasında təlim-məşqlərdə iştirak etdiniz.
- 15 ilə yaxındır, İran Taekvondo Federasiyası ilə Azərbaycan Taekvondo Federasiyası arasında sıx əməkdaşlıq mövcuddur. Son dövrlərdə yarış cədvəlinin sıxlığı üzündən İranda keçirilən təlim-məşqlərdə iştirak edə bilmirdik. Ötən ilin son aylarında federasiya rəhbərliyi və məşqçilər heyətinin birgə razılığına əsasən taekvondoçularımızın döyüş təcrübəsini, texniki-taktiki səviyyəsini artırmaq məqsədilə dünyanın bir nömrəli komandası olan İran yığması ilə işləmək qərarına gəldik.
- İran milli komandası dünya taekvondosunun liderlərindəndir. Qonşu ölkədə keçirilən təlim-məşqlərdə əsas diqqət nəyə yönəlmişdi?
- Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevlə birgə yanvarın 2-də təlim-məşqlərin təşkili ilə bağlı qonşu ölkəyə yola düşmüşdük. Orada 17 il İran millisinin baş məşqçisi kimi çalışmış, hazırda isə federasiya rəsmilərindən olan Həsən Zoğədri ilə bu barədə danışıqlar aparmışdıq. Təlim-məşqlərin keçirilməsi ilə bağlı qərar rəsmiləşdikdən sonra müxtəlif yaş qrupları üzrə idmançılardan ibarət geniş heyətlə İrana 10 günlük təlim-məşqə yollandıq. Məşqlərdə 11 qadın və 23 nəfər kişi idmançı iştirak etdi. İranın A dərəcəli milli komandası ilə birgə fizikal məqşlər keçdik. Bəli, fiziki yox, məhz fizikal məşqlər. Yəni idmançı orqanizminin fiziki, texniki və taktiki yüklənməyə tam hazır olmasını təmin edən məşqləri nəzərdə tuturam. İranın Olimpiya Mərkəzində xüsusi mütəxəssislər var ki, bütün növlər üzrə idmançılara fiziki hazırlıq keçirlər. Orada İran Taekvondo Federasiyasının (İTF) bir mütəxəssisi də bizim idmançılar üçün ayrılmışdı. Bu məşqlərdə taekvondoçularımızın cəldliyini, sürətini, fiziki gücünü təyin edən, onlarda yorğunluq anını üzə çıxaran vacib məqamlara aid ümumi testlər aparıldı. Qeyd edim ki, təlim-məşqlərə yola düşməzdən əvvəl idmançılarımız ölkəmizə Türkiyədən dəvət olunan tanınmış mütəxəssis Emin Ergenin rəhbərliyi altında sağlamlıqla bağlı ümumi testlərdən keçmişdilər. Əsas məqsəd mövcud problemləri, idmançıların zəif cəhətlərini üzə çıxarmaqdır.
Komandamız İran millisi ilə eyni hoteldə qalırdı. İran Taekvondo Federasiyası tərəfindən bizə göstərilən diqqət və qayğıdan məmnun qaldıq.
- İranlı həmkarlarınızın idmançılarımız barədə rəylərini bilmək maraqlı olardı. Qonşu ölkənin mütəxəssisləri taekvondoçularımızın potensialını necə qiymətləndirdilər?
- İranlı məşqçilər hazırlıq prosesində müşahidə etdiklərini bizimlə bölüşürdülər. Onlar idmançılarımızın yüksək potensiala malik olduğunu bildirdilər. İdmançılarımız belə ağır məşqlərə yeni başlayıblar. Onların tam formaya düşməsi üçün müəyyən müddət lazımdır.
- Bundan sonra İran Taekvondo Federasiyası ilə qarşılıqlı əməkdaşlıq baxımından hansı işlər görüləcək?
- İran millisinin daxili çempionatları təşkil olunur. Həmin yarışlarda çox gərgin və baxımlı döyüşlər nümayiş olunur. Taekvondoçularımız İranda təlim-məşqdə olduqları müddətdə bir dəfə 1 liqin klubları ilə döyüşlərdə, o biri dəfə isə milli komandanın üzvlərindən ibarət "Super-liqa"nın yarışlarında qüvvələrini sınadılar. Yarışlar həm elektron gödəkçələrlə, həm də əvvəlki illərdə tətbiq edilən gödəkçələrlə keçirilirdi. İranlı mütəxəssislər öz milli çempionatlarında Azərbaycan idmançılarını da görmək istədiklərini bildirdilər. Bu ilin oktyabr-noyabr aylarında başlayan növbəti mövsümdən Azərbaycan taekvondoçuları İran milli çempionatında döyüşlərdə iştirak edəcəklər. Qeyd edim ki, İran milli çempionatları daxili yarış olduğundan burada idmançılarımız müxtəlif klubları təmsil edərək, müqavilə əsasında həmin yarışlarda iştirak edəcəklər. Əlbəttə ki, hər bir ölkənin hazırlıq prosesində müəyyən sirlər, taktiki gedişlər var ki, onları hər komanda təlim-məşqlər zamanı üzə çıxarmır. Təbii ki, idmançılarımızın təcrübələrinin artırılması baxımından döyüşçülərimizin belə yarışlarda iştirakı vacibdir. Növbəti təlim-məşqlərin aprel-may aylarında təşkili planlaşdırılır.