
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Absheron Marriot Baku” mehmanxanasında 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrini təbrik etmişdir.
Bu günün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu bildirən nazir müstəqil ölkəmizdə uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda bu strategiya dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2015-ci ildə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına toxunan A.Rəhimov, yarışın yüksək səviyyədə keçirilməsi üçün respublikamızın böyük potensiala malik olduğunu qeyd etmişdir.
Sonra A.Rəhimov məşqçi və mütəxəssislərin bir qrupuna "Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adının vəsiqələrini təqdim etmişdir.
Ölkəmizin idman uğurlarından bəhs edən videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, cüdo üzrə milli komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov əldə olunmuş nailiyyətlərdən danışmışlar. Vurğulanmışdır ki, bütün bunlar arxayınlaşmaq üçün əsas vermir. Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaradır.
Tədbirdə, həmçinin boks üzrə dünya çempionu Cavid Çələbiyev və taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Təvəkkül Bayramova "Əməkdar İdman Ustası” adının vəsiqəsi verilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.