“Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. ... Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq
təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı
gücləndirirdik, biz ordumuzu gücləndirirdik.
...Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət
ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində
Ali Baş Komandanın əmrini gözləyirdi.”
İlham ƏLİYEV
44 günlük Qarabağ müharibəsi dünya hərb tarixində bir çox aspektdən özünəməxsus yer tutacağı şübhə doğurmur. Bu özünəməxsusluq onun yalnız 44 gün davam etməsi, işğal edilmiş torpaqların azad olunması ilə deyil, həm də bir çox fərqli xüsusiyyətlərlə əlaqədardır. Məsələyə dünya hərb tarixi və Azərbaycanın 30 ildən əvvəl işğal edilmiş, fasiləsiz olaraq işğal altında qalmış ərazilərini azad etməsi mövqeyindən yanaşsaq, yenə də onun müəyyən cəhətlərinin olması aşkara çıxır, bu cəhətləri ayırıb təsnif etmək, onları təhlil süzgəcindən keçirmək lazım gəlir.
Dünya hərb tarixi baxımından Qarabağ müharibəsini səciyyələndirən, onu hərbi ekspertlərin tədqiqat obyekti edən əsas xüsusiyyətlər döyüşlərin aparılması taktikası, mövcud silahlardan istifadə mexanizmləri, döyüş meydanının, cəbhə xəttinin keçdiyi məkanın qiymətləndirilməsi və bir sıra başqa məsələləri kompleks şəkildə əhatə edir. Bu məsələləri hərbi ekspertlər daha dəqiq dəyərləndirə bilərlər. Bununla belə, mübaliğəsiz qeyd etmək olar ki, Qarabağ müharibəsi dünya hərb tarixində müharibənin aparılması strategiyasının, taktika və texnikasının yeni formalarını müəyyənləşdirib, onları uğurla sınaqdan çıxarmaqla yeni döyüş nümunəsini ortaya qoymuşdur. Yəni 44 günlük Qarabağ müharibəsi dünya hərb tarixinə dönüş nöqtəsi, müharibə aparmağın yeni və müasir yolu kimi daxil olmuşdur. Təbii ki, heç kim müharibə istəmir. Ancaq buna baxmayaraq ona son qoymaq hələ ki mümkün görünmür. 44 günlük müharibədən sonrakı Rusiya-Ukrayna, Yaxın Şərq (İsrail -Fələstin), İsrail-İran müharibələri göstərir ki, döyüş taktikasının işlənib hazırlanması və tətbiqində Qarabağda istifadə olunmuş Azərbaycan təcrübəsi əsas götürülür. Şübhə yoxdur ki, bu təcrübə hələ uzun bir müddət də əsas götürüləcəkdir. Bu baxımdan 44 günlük Qarabağ müharibəsinin dünya hərb tarixində xüsusi yer tutması faktı danılmaz bir həqiqətdir. Qarabağ müharibəsi müasir dövrdə silah istehsalının və bu sahədəki innovasiyaların istiqamətlərini təyin etdi, hər bir dövlətin öz silah arsenalını qurması prinsiplərini müəyyənləşdirdi, cəbhə xəttinin yalnız yer üzərində deyil, daha çox səmada qərarlaşmasını təsdiq etdi. Şübhəsiz ki, Azərbaycanın Zəfər tarixi bir sıra digər vacib məsələlərə də aydınlıq gətirməklə yanaşı, dünya hərb tarixinin ardıcıl və diqqətlə öyrənilən və öyrəniləcək bir predmetinə çevrilmişdir.
Məsələni Azərbaycan müstəvisində öyrənmə, təhlil və şərhinə gəlincə, bu, olduqca çoxtərəfli, çoxaspektlidir. Burada zamanın müxtəlif kəsimlərindəki vəziyyətlər, şərait nəzrə alınmadan təhlil aparmaq çətindir. Erməni-türk, erməni-müsəlman münaqişəsinin tarixi kökləri, Azərbaycan torpaqlarının Rusiya tərəfindən ilhaqı, Azərbaycan Cümhüriyyəti, sosialist inqilabı, Azərbaycan Respublikası, Zəngəzür, Mehri, Dağlıq Qarabağ, Naxçıvan, Zaqfederasiya, SSRİ, II Dünya müharibəsi, Sosialist düşərgəsi, durğunluq dövrü, yenidənqurma, Dağlıq Qarabağ münaqişəsi, 20 yanvar, Rusiya Federasiyası, Azərbaycan Respublikası, I Qarabağ müharibəsi, MDB, BMT, ATƏT, Atəşkəs, Minsk qrupu, Azərbaycanda tənəzzül, Azərbaycanda dirçəliş... Bu sadalananlar ən ümumi şəkildə verilmiş, lakin Azərbaycan tarixinin, bir qədər də ümumi şəkildə götürülərsə, təcavüzün, işğalın, imperiya siyasətinin tədqiqat üçün əhəmiyyətli olan, xüsusi maraq kəsb edəndövr kəsimləridir. Hələlik onları bir kənara qoymaq, I və II Qarabağ müharibələri aralığındakı, eləcə II Qarabağ müharibəsi ərəfəsindəki vəziyyətə baxmaq, nəhayət, II Qarabağ müharibəsi dövrünə nəzər salmaq, fikrimizcə, daha düzgün olardı. I Qarabağ müharibəsi Azərbaycana çox ağır zərbələr vurmuşdu. Ölkə vətəndaş müharibəsi vəziyyətinə gətirilmiş, idarəetmə sistemində xaos yaradılmışdı. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdışı zamanı ölkədə vəziyyət belə idi. “Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal - azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi” [Bax: Ermənistan-Azərbaycan münaqişəsi//president.az/az/pages/view/azerbaijan/karabakh]. Ümummilli liderin müdrik siyasəti, gərgin əməyi sahəsində bu problemlər müəyyən ardıcıllıqla həll olunmağa başladı. 12.05.1994 tarixdə atəşkəs razılığı əldə olundu. Bundan sonra müxtəlif sahələrdə böhran vəziyyəti aradan qaldırıldı, ölkə dirçəliş illərinə qədəm qoydu və ölkə daxilində sabitliyin təmin olunması ilə bu dirçəliş tezliklə ancaq yüksələn xətlə davam etdi.
Azərbaycanın əsas strateji hədəfi işğal edilmiş ərazilərin azad edilməsi idi və ölkə müxtəlif yollarla bu hədəfə doğru gedirdi. Bu gün tarixi zəfərə nəzər saldıqda ona aparan və sonda tarixi zəfərdə birləşən həmin yolları, onların vəhdətini görmək olur. Tarixi zəfərin ordu quruculuğu, iqtisadi inkişaf, Azərbaycanı dünya miqyasında tanıtdırma, onu beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevirmə, Olimpiya və idman, diplomatiya, hərb kimi yolları olmuşdur. Onların hamısı suverenliyin zəfər yolunda birləşir. Azərbaycan dövlətinin son 30 ildəki tarixinə nəzər yetirsək, burada ali məqsədə çatmaq üçün əlaqələndirilmiş şəkildə müxtəlif yollarla daimi irəliləyişi, daimi yüksəlişi, bir-birini əvəz edən uğurlu addımları, nəticələri aşkar izləmək olur. Bu yolların hər biri xronoloji ardıcıllıqla dərindən öyrənilməli, tarixi təcrübənin oxşar halları ilə paralelləri tapılmalı, ciddi təhlil olunmalı, fakt və iqtibaslarla təsdiq və sübut edilməlidir. Biz Azərbaycanı tarixi zəfərə aparan aşağıdakı yolları ayıraraq və onlardan bəzilərini araşdırmağa, öyrənməyə çalışacağıq: 1) Tarixi zəfərin iqtisadi dirçəliş yolu; 2) Tarixi zəfərin diplomatiya yolu; 3) Tarixi zəfərin Olimpiya və idman yolu; 4) Tarixi zəfərin ordu quruculuğu yolu; 5) Tarixi zəfərin mədəniyyət və incəsənət yolu; 6) Tarixi zəfərin beynəlxalq yolu; 7) Tarixi zəfərin hərb yolu.
Təbii ki, belə bölgü şərti səciyyə daşıyır, yuxarıda qeyd olunduğu kimi, tarixi zəfərə aparan yollar vahid məqsədə, vahid strategiyaya xidmət etmiş ayrı-ayrı sahələrdəki ardıcıl siyasi, taktiki gedişləri əhatə etmiş, bütün yollardakı irəliləyiş bir-biri ilə əlaqələndirilmiş şəkildə aparılmışdır.
Azərbaycanın tarixi zəfər strategiyasını ümummilli lider Heydər Əliyev hazırlamış, onun davamçısı İlham Əliyev isə tarixi zəfəri reallaşdırmışdır.
1. Tarixi zəfərin Olimpiya və
idman yolu
“Vaterlodakı qələbə İtonun idman meydançalarında qazanılmışdı”
General, hersoqArtur
Uelsli Vellinqton
Napoleonun məğlubiyyətlə bitmiş sonuncu döyüşü 1815-ci ildə Vaterloda olmuşdur. General Vellinqtonun komandanlıq etdiyi İngiltərə və onun müttəfiqqlərinin qoşunlarının qələbəsi ilə başa çatan bu döyüş Napoleonun taxt-tacdan əl çəkməsi və Müqəddəs Yelena adasına sürgünü ilə tamamlanmışdı. Napoleon Bonaparta həsr edilmiş hər bir kitabda bir qədər kövrək şəkildə, belə demək olar ki, təəssüflə xatırladılan Vaterlo döyüşü bu günə qədər tarixçilərin, hərbçilərin, məşhur yazıçıların dilindən düşmür. Və ən maraqlısı odur ki, hersoq Vellinqtonun qələbəsini İtonun idman meydançaları ilə bağlaması fikri çox zaman ön plana çəkilir (V. Ovçinnikov. Palıd kökləri).
Napoleon isə məğlubiyyətini daha çox tale, bəxt və qismətlə əlaqələndirsə də, Blüxerin rəhbərlik etdiyi 30 minlik Prussiya qoşununun ingilislərin köməyinə gəlişini, rusların qarşısını almağa göndərdiyi general Qruşinin 20 minlik qoşunla vaxtında döyüş meydanına qayıtmamasını, başlıcası, öz əcgərlərinin mənəvi və fiziki dözümsüzlüyünü də dönə-dönə təkrarlamışdır.
Müasir Olimpiya Oyunlarının banisi baron Pyer de Kuberten də hələ Olimpiya Oyunlarının bərpası fikrinə düşməzdən qabaq ingilis və alman əsgərlərinin fransızlarla müqayisədə daha əzmkar və dözümlü olmamısının səbəblərinin idmanla əlaqədar olması qənaətinə gəlmiş, İtonun idman meydançalarının sirrini açmağa çalışmış, yolunu Tomas Arnoldun Reqbidəki özəl məktəbinə salmış, orada təhsildə idmanın tətbiqi məsələlərini araşdırmış, Almaniya məktəblərinin bu sahədəki təcrübəsini öyrənmiş, eyni məqsədlə ABŞ-a səfər etmiş, son nəticədə Fransa təhsil sisteminə idmanın xüsusi şəkildə daxil edilməsinin vacibliyini sübut edən geniş hesabat hazırlayıb dövlət rəhbərliyinə təqdim etmişdi.
Müharibənin nəticələrinə istinad etməklə təhsil və tərbiyədə idmanın rolunu müəyyənləşdirmək, “Vaterlodakı qələbənin İtonun idman meydançalarında qazanılması” səbəbini öyrənmək, şübhəsiz ki, həlli çox vacib olan müharibə və idman, eləcə də idman və müharibə kimi iki mühüm problemin mövcudluğunu ortaya atır.
“Azərbaycanda idmanın inkişafı ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi arasında ilk baxışda bağlılıq özünü aydın şəkildə təzahür etdirməsə də, məsələnin mahiyyətinə vardıqca, onların bir-birilə əlaqəsinin bir çox bağları üzə çıxır.Əvvəla, idman mübarizədir. Torpaqların azad olunması da mübarizəni tələb edir. İkincisi, idman hazırlıq tələb edir. Torpaqların azad edilməsi üçün də hazırlaşmaq lazımdır. Üçüncüsü, idman kollektiv, məşqçi, rəhbər - komanda tələb edir. Torpaqların azad olunması üçün də ordu - əsgər, zabit, general, Ali Baş Komandan heyəti zəruridir. Dördüncü, idman təchizat, məşq yerləri, stadion, texniki təminat tələb edir. Ordunun da silaha-sursata, texniki təchizata, yeni texnologiyalara ehtiyacı var. Beşincisi, idman təlimlər, məşqlər, ağır zəhmət mübarizə qabiliyyətini daim yüksək səviyyədə saxlanmağı tələb edir. Torpaqların azad olunması üçün də ordu daim təlim və məşqlər keçirməli, müxtəlif qoşunlar arasında əlaqələndirməni təmin etməli, yeni texniki-taktiki vərdişlərə, yeni texnologiyalara yiyələnməli, döyüş qabiliyyətini daim yüksək səviyyədə saxlamalıdır. Altıncısı, idmançı stimulunu vətənə, xalqa məhəbbətdən almalı, vətənpərvər olmalıdır. Orduda da vətənpərvərlik, mənəvi ruh yüksək olmalıdır. Yeddincisi, idman müəyyən meydanda iki qüvvənin qarşı-qarşıya gəlməsi, mübarizə və onun nəticəsində ifadəsini tapır. Torpaqların azad olunması üçün də döyüş meydanlarında ordular qarşı-qarşıya gəlir, mübarizə aparır, mübarizə adətən, bir tərəfin qələbəsi, digərinin isə məğlubiyyəti ilə nəticələnir. Səkkizinci, idmanda qələbə qalib idmançının mənsub olduğu dövlətin bayrağının meydanda qaldırılması, himninin səslənməsi ilə qeyd olunur. Torpaqların azad olunması uğrunda mübarizədə də, qələbə həmin meydanda, ərazidə qalib dövlətin bayrağının dalğalanması ilə başa çatır. Doqquzuncu, idmanda qələbə qalib idmançının mənsub olduğu xalqın sevincinə, fərəhinə, qələbə ilə bağlı hisslərinin coşmasına səbəb olur, xalqı əlində bayraqlarla küçələrə çıxarır, torpaqların azad olunması ilə bağlı qələbə də eyni hissləri, bir qədər daha emosional şəkildə təzahür etdirir” (İbayev2020).
... Azərbaycanın müstəqilliyini, suverenliyini bərpa etmək və hər bir Azərbaycan vətəndaşının, eləcə də dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən ümdə arzusu olmuşdur. 1991-ci ildə Azərbaycan bu arzuya qovuşdu. Ancaq fitnə-fəsadlar arzuya qovuşmağın sevincini doyunca yaşamağa imkan vermədi. Birinci Qarabağ müharibəsi ölkəmizin başının üstünü qara bulud kimi aldı. Torpaqlarımız işğal olundu, insanlarımız yurd-yuvalarından didərgin salındı, bir milyondan çox vətəndaşımızın alnına qaçqın, köçgün taleyi yazıldı. Torpaqları azad etmək, doğma yurda qayıdışı təmin etmək yükü çiynlərə, qəlblərə yükləndi. İşğalçıları Vətən torpaqlarından qovub çıxarmaq, torpaqları azad etmək müqəddəs borca çevrildi, qələbə, zəfər günü arzusuna döndü.
Dağlıq Qarabağ problemi, onun zəminində baş verən müharibə ölkəyə bütün sahələrdə ciddi zərbələr vurmuşdu. Birinci Qarabağ müharibəsi idmanı arxa plana atmışdı. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyində, dövlətə rəhbərlikdə buraxılmış səhvlər, daxili çəkişmələr, vəzifə, hakimiyyət uğrunda daxili mübarizə, satqınlıq, hərislik, ölkə və dövlət maraqlarını şəxsi maraqlara qurban vermək Azərbaycanda olduqca acınacaqlı bir vəziyyət yaratmışdı.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan 1993-cü ilədək ən çətin dövrlərini yaşamışdır. Danılmaz faktdır ki, bu dövrün çətin vəziyyətindən, Azərbaycanı hər tərəfdən məngənə kimi sıxan, ona irəliyə getməyə imkan verməyən qüvvələrin caynağından çıxmaq az qala mümkünsüz görünürdü. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti ruh düşgünlüyü, ümidsizlik, inamsızlıq girdabına düşmüşdü.
Ümummilli liderin qayıdışından sonra ölkədə aparılan işlər vəziyyəti sabitləşdirmək üçün atılan addımlar bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü reallaşdırmağa köklənmişdi. Aydındır ki, bu gün özü gəlməyəcəkdi. Onu Azərbaycanda bütün sahələrdə, eləcə də dövlətin beynəlxalq münasibətlər sistemində gərgin, məqsədyönlü işlə, əməllə gətirmək lazım gəlirdi. İdmanın, Olimpiya Hərəkatının bu sahələr arasında ən əhəmiyyətlilərindən, planauyğun, ardıcıl fəaliyyət tələb edənlərdən biri olmasını o zaman dəyərləndirmək bacarığını, uzaqgörənliyini mummilli lider Heydər Əliyev nümayiş etdirdi. O, idmanın inkişaf etdirilməsini dövlətin mühüm işlərindən biri olduğunu başa düşür və hələ o dövrdə deyirdi: “Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığı haqqında düşünürük. Bu gün də düşünürük, xalqımızın gələcəyi üçün də düşünməliyik. Bu bizim vəzifələrimiz içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir”.
2003-cü ildə Azərbaycan Prezidenti çeçilmiş İlham Əliyev həmin il oktyabrın 31-də andiçmə mərasimindən sonra keçirilmiş qəbuldakı nitqinin əvvəlində demişdi: “Azərbaycan müstəqillik əldə etdikdən sonra formalaşmış yeni ictimai-siyasi mühitdə də Heydər Əliyev əsl liderlik xüsusiyyətlərini nümayiş etdirdi, xalqı böhrandan, anarxiyadan, hərc-mərclikdən inkişafa doğru apardı. Biz hamımız Azərbaycanın hansı təhlükələrlə üzləşdiyini yaxşı xatırlayırıq. Ona görə biz heç vaxt imkan verməməliyik ki, ölkədə yenidən sabitlik pozulsun, xaos və anarxiya yaransın. Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək, biz də buna yol verməyəcəyik”.
2003-cü ildə prezidentliyə namizəd kimi son görüşündə İlham Əliyev demişdi: “Azərbaycan xalqı mənə etimad göstərərsə, yenə də idmandan ayrılmayacağam. Keçmişdə mənim bir neçə vəzifəm var idi - Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin I vitse-prezidenti, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti... O biri vəzifələr də mənim üçün əziz idi. Mən də həyatımın böyük hissəsini bu işlərə həsr etmişdim. Hesab edirəm ki, bu vəzifələri ləyaqətlə yerinə yetirmişəm. Hər halda, heç kim irad tuta bilməz ki, mənə tapşırılan hansısa bir işdə qüsur olubdur. İndi nə qədər ağır olsa da, həmin vəzifələrdən mən imtina edəsi oldum. Amma Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qalıram. Hesab edirəm ki, əgər idmançılar tərəfindən razılıq olarsa, mən bundan sonra bu vəzifəni saxlayacağam”.
Olimpiya Hərəkatı və idman vəhdət təşkil edir, onları bir-birindən ayırmaq olmaz. Hər bir sahənin, hər bir işin öz çətinlikləri vardır. Vacib olanı odur ki, məqsədləri düzgün seçəsən, işi düzgün görəsən, məsuliyyəti hiss edəsən. Bununla belə, Olimpiya Hərəkatı və idman bir çox cəhətdən öz spesifikliyi, mürəkkəbliyi və xüsusi önəm daşıması ilə seçilən sahələrdən biridir. Burada işin təşkili, mövcud potensialı qiymətləndirib onu inkişaf etdirmək, ardıcıl diqqət və qayğı, milli idman ənənəsini qorumaqla onun əhatə dairəsini genişləndirmək, mübarizə və rəqabət qabiliyyətinin möhkəm təməlini qoymaq, şərait yaratmaq və bir-birindən əhəmiyyəti ilə geri qalmayan çox sayda başqa aspektlər də vardır. Azərbaycanın müstəqilliyinin ilk dövründə, daha deqiq desək,ötən əsrin 90-cı illərinin birinci yarısında ölkənin ümumi vəziyyəti, xüsusən torpaqlarılmızın işğalı bütün sahələrə oldüqca güclü neqativ təsir göstərmişdi. Əgər maddi, iqtisadi, sosial təsirlərin səbəblərini aradan qaldırmaq yollarını axtarıb tapmaq,onları aradan qaldırmaq mümkün görünürdüsə, Azərbaycanın məruz qaldığımız mənəvi sarsıntılar, ruh düşgünlüyü, bədbinlik, depressiya ilə mübarizə aparmaq çətin idi. I Qarabağ müharibəsinin nəticələri xalqın milli ruhunu sarsıtmış, qələbə əzmini sındırmış, mübarizliyini zəiflətmiş, qalib gəlməyin mümkünlüyünə olan inamını qırmışdı. Bu cür mənəvi sarsıntıların girdabından çıxmaq üçün mübarizə meydanı, bu meydanda qələbə və uğur qazanmaq lazım idi. Təbii ki, o illərdə bu meydan müharibə meydanı deyildi. Azərbaycan müharibə və cəng meydanına girməyə hələ hazırlaşmalı idi. O zaman mübarizə aparmaq, qələbə qazanmaq, milli ruhu, qələbə əzmini, Vətən sevgisini gücləndirmək üçün yalnız bir meydan var idi. Bu, mötəbər idman yarışları, daha dəqiq desək, Olimpiya Oyunlarının meydanı idi.
1997-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin prezidenti olmağa razılıq vermək olduqca çətin və məsuliyyətli bir işin ağır bir yükünün altına girmək idi. Çünki bu sahədə qısa müddətdə nəticə əldə etmək imkanları məhdud idi. Azərbaycanın idman sahəsindəki işlərində də ciddi səliqə-səhman yaratmaq lazım gəlirdi.
 Milli Olimpiya Komitəsinin prezidenti olmağa razılıq verəndə İlham Əliyev bu çətin meydanı seçmişdi. Onun arzusu, məqsədi yalnız dünyanın ən çətin idman yarışlarında uğurların əldə olunması deyil, idmançıların nümunəsində xalqın hər bir vətəndaşını mübarizə aparmağa, qələbə qazanmağa aparmaq, xalqın mübariz ruhunu, milli ruhunu, qələbə əzmini ona qaytarmaq, Vətən sevgisini nəqarətə çevirmək, xalqa qələbə sevincini yaşatmaq, bu sevinclə ümumxalq həmrəyliyi, birliyi yaratmaq, “Azərbaycan xalqı müzəffər xalqdır!” həqiqətini bu xalqın hər bir nümayəndəsinin beyninə həkk etmək idi.
(ardı var)
Vəfaddin İBAYEV
hüquq üzrə fəlsəfə doktoru,
Cəmaləddin RƏHMANOV
filologiya üzrə fəlsəfə doktoru
Tarixi zəfərə aparan yollar
            
                                    
                                    
                            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

