Noyabrın 5-də "Mangal Steak House" restoranının "Mirvari" zalında "Azman Holdinq" şirkəti tərəfindən Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir təşkil olunub.
Olimpnews.az xəbər verir ki, mərasimdə şirkətin rəhbərliyi, çoxsaylı əməkdaşları, habelə şəhid ailələrinin nümayəndələri, qazilər və idmançılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Şəhidə məktub” adlı video-çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan “Azman Holdinq”in mətbuat meneceri Xanlar Məmmədov 8 Noyabr - Zəfər Gününün tarixi əhəmiyyətindən danışıaraq deyib ki, bu günlər hər bir azərbaycanlının qəlbi qürur və fərəh hissi ilə döyünür. Çünki Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər tariximizə qızıl hərflərlə yazılıb.
X.Məmmədov müharibə dövründə “Azman Holdinq” şirkətinin cəbhəyə göstərdiyi mənəvi və maddi dəstəkdən bəhs edərək, şirkətin şəhid ailələrinə və qazilərə bundan sonra da qayğı və diqqətini əsirgəməyəcəyini xüsusi vurğulayıb.
Tarixçi alim, politoloq və siyasi araşdırmaçı Rizvan Hüseynov Zəfər Gününün Azərbaycan tarixində yeri və rolu barədə danışaraq, bu günün milli qürurun və dövlətçiliyin rəmzinə çevrildiyi haqqında fikirlərini bölüşüb.
Alimin sözlərinə görə, bu Zəfər təkcə hərbi-siyasi qələbə deyil, həm də mənəvi dirçəlişin göstəricisidir. O, bildirib ki, Zəfər Günü gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi, müstəqil Azərbaycanın qüdrətinin təcəssümüdür.
Araşdırmaçı jurnalist və ssenarist Müsəllim Həsənov isə çıxışında tarixi faktlara və hadisələrə istinad etməklə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətini göstərməyə çalışıb. O, ötən 30 ildə baş verənlərin yaddan çıxmaması üçün bundan sonra alim və jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, taraiximizin ağrılı səəhifələrinin daim öyrənilməli olduğundan bəhs edib.
Tədbirdə həmçinin “Azman Holdinq” kimi özəl şirkətlərin və ictimai qurumların keçirdiyi belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynadığı barədə də söhbət açılıb.
Sonra ekspertlər tədbir iştirakçılarının suallarına cavab veriblər.
Zəfərimizin beşinci ildönümünə həsr olunmuş tədbir bədii hissə ilə davam edib, vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şəhidlərin xatirəsinə həsr olunmuş video-çarxlar nümayiş olunub.


