Püşkatma mərasimi başa çatdıqdan sonra Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. O, "Araz”ın bəxtinə düşən rəqibi dəyərləndirdi və gələcək planlardan danışdı.
- UEFA Futzal kubokunun yarımfinalında "Araz”ın rəqibi qismində kimi görmək istəyirdiniz?
- Təbii ki, "Barselona”, Moskva "Dinamo”su və "Kayrat” Avropanın 3 ən güclü klubudur. Mən ilk oyunumuzun "Dinamo” ilə olmasını istəyirdim. Çünki bu komandanı tanıyırıq, gücünə bələdik. Ancaq bu, püşkatmadır. Var-gücümüzlə "Barselona” ilə oyuna hazırlaşacağıq.
- Əslən ukraynalı olan Aleksey Popovu "Dina”dan icarəyə götürmüsünüz. Bu addım komandanın qapı xəttində olan problemdən irəli gəlir?
- Bilirsiniz ki, Popov uzun müddət həm "Dinamo”nun, həm də Rusiya millisinin əsas qapıçısı olub. O, təcrübəli oyunçudur. Alekseyin "Araz”a qoşulması həm komandanın güclənməsinə, həm də qapıçımızın rəqabət hiss etməsinə kömək olacaq.
- Onda demək olarmı ki, qapıda millimizin braziliyalı üzvü Laersio Buranello yox, Popov duracaq?
- Yox, bunu hələ demək olmaz. Çünki "Dördlər finalı”na kimi 4-5 yoxlama oyunu keçirəcəyik. Bu görüşlərdə hansı qapıçının hazır vəziyyətdə olduğunu görsək, o da əsas qapıçı qismində çıxış edəcək.
- "Araz”ın yoxlama oyunları harada olacaq və kimlərlə qarşılaşacaq?
- Yoxlama oyunlarını Bakıda keçirəcəyik. "Ekol”, "Neftçi” və "Fənərbaxça”nın futzalçılarından ibarət yığmaya qarşı gücümüzü sınamaq niyyətindəyik. İstəyirik ki, 4-5 belə oyun keçirək.
- Yığmada islahatlar nə vaxt olacaq?
- "Dördlər finalı” başa çatdıqdan sonra böyük islahatlara başlayacağıq. Fikrimiz budur ki, komandaya yerli futzalçıları cəlb edək və növbəti Avropa çempionatının seçmə mərhələsində mübarizəyə daha çox yerli oyunçularla başlayaq.