"Hilton” hotelində keçirilən UEFA Futzal kubokunun "Dördlər finalı”nın püşkatma mərasimində futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da iştirak edib. Almaniyalı mütəxəssis tədbir zamanı jurnalistlərin suallarını cavablandırdı.
- Çempionumuzun rəqibinin adın səbətdən siz çıxartdınız...
- Eşitdiyimə görə, "Barselona” futzalda elə də güclü deyil. Ona görə də, püşk zamanı "Araz”a İspaniya klubunu çıxartdım. "Kayrat” və "Dinamo” "Barselona”dan güclü olmalıdır.
- "Araz”ın şansını necə dəyərləndirirsiniz?
- "Araz” çox yaxşı komandadır. İnanıram ki, "Barselona” səddini keçəcək.
- Millimizin mayın 27-də ABŞ yığması ilə yoxlama görüşü keçirməyi AFFA-nın təşəbbüsüdür, yoxsa siz rəqibin çalışdırıcısı olan həmyerliniz Yurgen Klinsmannla danışmısınız?
- Dostlar arasında belə məsələlər olur. Biz ABŞ tərəfi və AFFA ilə söhbət etdik, onlar da razılıq verdilər. Düşünürəm ki, möhtəşəm bir oyun olacaq. Düzdür, məsafə uzaqdır, 12 saatlıq uçuşdur. Lakin komandamız, gənc futbolçularımız üçün önəmli oyun olacaq. Azərbaycan kuboklunun finalında iştirak edəcək klubların futbolçuları həlledici matçdan sonra yığmaya qoşulacaqlar. Digərləri ABŞ-a bir qədər tez gedəcəklər. İyunun 2-də isə geri qayıdacağıq. Gələcəkdə, növbəti 3-4 ildə ABŞ yığması da yoldaşlıq matçı keçirtmək üçün Azərbaycana gələ bilər. Ancaq iki ölkənin federasiyaları arasında danışıq olub-olmadığını bilmirəm.
- May ayında Türkiyə və Nigeriya milliləri də ABŞ-da təlim-məşq toplanışında olacaqlar. Onlardan biri bizə rəqib olacaq?
- Həmin vaxt 15 ölkənin yığma komandası ABŞ-da olacaq.