AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası başa çatdıqdan sonra "Bakı” klubunun prezidenti Hafiz Məmmədov "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Hafiz müəllim iclasda qəbul olunan qərarlarla bağlı fikirlərini bildirməklə yanaşı, "Bakı” klubunun gələcək planları barəsində də danışdı.
- İcraiyyə Komitəsinin son iclası ilə bağlı fikrinizi bilmək istərdik...
- Çox yaxşı qərarlar qəbul edildi. Yəqin ki, bununla bağlı çıxarış veriləcək. Ümidverici müzakirələr aparıldı. Hər kəs öz fikrini bildirdi. Xarici ölkələrin təcrübəsi ilə tanışlıq oldu. Bir sözlə, qərarların hamısı dəstəkləndi.
- 3 məşqçi - Ağasəlim Mircavadov, Qurban Qurbanov və Mustafa Dənizli də İK-nın iclasına dəvət edildilər və onlar fikirlərini, təkliflərini çatdırdılar. Bu təkliflərlə bağlı nə deyə bilərsiniz?
- Onların fikirlərini bilmək, dinləmək lazımdır. Hətta belə təklif də irəli sürdüm ki, klub rəhbərlərinin birliyi yaradılsın. Çünki bu təcrübə artıq Avropada var. Bu birlik yaradılsa, klub rəhbərləri də müəyyən vaxtlarda bir araya gələr, futbolçulara ödənilən pulların artırılması, bunun süni şəkildə qaldırılması və s. məsələlər müzakirə olunar. Yəni onlar da müsbət qərarlar verə bilərlər.
- İK-nin qərarına əsasən növbəti mövsümdən yerli futbolçuların sayı artırılacaq...
- Bu qərarların hamısı praktik cəhətdən mənə tanışdır. Haradan? Çünki klubda biz bunu tətbiq edirik. Baş məşqçi Milinko Pantiçin verdiyi bir çox qərarlar sayəsində biz bunu həyata keçirmişik. Bunu tətbiq etdiyimizə görə, qərar mənə ikitərəfli xoş gəldi.
- İK-nın iclasından əvvəl isə AFFA-nın növbəti Hesabat Konfransı keçirildi. Assosiasiyanın fəaliyyətini necə dəyərləndirirsiniz?
- Yüksək səviyyədə. Hər şey göz qabağındadır. Kimin nə sözü var, hansı rəqəmlə maraqlanmaq istəyir, bunu rahat öyrənə bilər. Bir sözlə, hər şey şəffaf və yüksək səviyyədədir.
- Bugünlərdə Madrid "Atletiko”su ilə əməkdaşlıq müqaviləsinin müddəti daha 1 illiyə uzadıldı. Geridə qalan dövrdə bu əməkdaşlıqdan nə qazanıldı?
- Ən əsası ölkəmizi tanıtdırdıq. Bundan yüksək nə ola bilər? Səfirimizlə söhbətimiz oldu. "Atletiko”nun formasında yerləşdirilən "Land of Fire Azerbaijan” vasitəsilə Cənubi Amerikanın artıq 5 ispandilli ölkəsi - Argentina, Uruqvay, Çili, Boloviya və Paraqvayda ölkəmizi tanıyırlar. Bu istiqamətdə işlər davam edir.
- Başqa klublarla əməkdaşlıq nəzərdə tutulubmu?
- Bu sahədə işləyirik. Planlarımızda İngiltərə və Amerika ölkələri var. "Land of Fire Azerbaijan”ın coğrafiyasını genişləndirməyə çalışırıq.
- "Bakı”nın hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Yüksək səviyyədə. Baş məşqçimizdən razıyıq. Gördüyü işlər bəhrəsini verir. Yerli futbolçuların oynaması üçün şərait yaradır. İspaniyanın Marbelya şəhərində keçirilən toplanış zaman klubun akademiyasının 8 yetirməsini də aparmışdı. Bu baxımdan deyirəm ki, qəbul edilən qərarların icrasına biz xeyli əvvəldən başlamışıq. Baş məşqçimiz klubda yetişən futbolçuları yavaş-yavaş yuxarı çəkir. 1-2 ildən sonra görəcəksiniz ki, heyətimizdə yer alan futbolçuların əksəriyyəti öz yetirmələrimiz olacaq.
- Hansısa yerli futbolçuların əməkdaşlıq etdiyiniz klublara cəlb olunması gözlənilir?
- Təklif var idi ki, bəlkə klublardan bir neçə futbolçunu xarici ölkələrə göndərək. Bunula bağlı AFFA-nın baş katibi yaxşı təklif irəli sürdü. O dedi ki, yığmanın üzvlərini toplanışa göndərək, seçim onların arasından edilsin. Artıq U-16 yığmamızın üzvüləri "Atletiko”nun düşərgəsində olublar. Onların arasından 2 futbolçu seçilib. Biri qapıçı, digəri isə sahə oyunçusudur. Yəni seçimi onların məşqçiləri ediblər. Növbəti dəfə başqa yığmamız gedəcək. Hər yaş qrupundan 1-2 nəfər seçilsə, bundan gözəl nə ola bilər? 3-5 ildən sonra "11-liy”in düzələcəyini görəcəyik. Ötən dəfə U-19-un heyəti açıqlanmışdı. Orada Mahir Mədətov "Lans” klubunun üzvü kimi göstərilmişdir. Adamın ürəyi açılır. Bu minvalla növbəti dəfə görəcəyik ki, "Atletiko”da futbolçumuz var. "Monako” ilə də dostluq münasibətlərimiz, iş birliyimiz var. "Monako” klubunda da futbolçumuz oynaya bilər. Həmin klubla bağlı da müəyyən planlarımız var. AFFA rəhbərliyinin, İK üzvlərinin fikri eynidir: yerli futbolçular çox yetişsin. Bilirəm ki, bu işdə "Atletiko” və "Lans” biz çox kömək edə bilər. Qarşı tərəfin bununla bağlı öhdəliyi var. Biz nə qədər futbolçu versək, onları qəbul edib yerləşdirməlidirlər. Hətta "Atletiko” bir çox öhdəlikləri öz üzərinə götürməyə də hazırdır. Düzdür, AFFA-nın buna ehtiyacı yoxdur. Çünki assosiasiyanın pulu da var, imkanı da. Amma aramızda olan dostluq münasibəti onların bizə istənilən köməkliyi göstərmələrinə şərait yaradır. Əslində, bu, adlarını çəkdiyim klublara da sərf edir. Həmin komandalar bu yolla Azərbaycan futbolçuları ilə tanış olurlar. İstəyirlər ki, daha çox komanda gəlsin və özləri üçün oyunçular seçsinlər.
Rahib